
Bakı. Trend:
Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi
cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə
ehtimalı yaradır.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor
göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən,
2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1
mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi
Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının
profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır”, – məlumatda
qeyd edilib.
Əlavə olaraq qeyd olunur ki, AZIR indeksinin orta günlük
səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici
fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib.
“Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və
bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.
Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi
daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi
parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması
ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi
2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda
6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik
əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar
baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları
ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini
minimallaşdırıb”, – məlumatda qeyd edilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin
parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may
ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat
konfransı keçiriləcək.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti
qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə
makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək: “Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün
sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya
proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat
siyasət addımları atılacaqdır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz
saxlanılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti
(İH) uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar
qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %,
yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

