
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində pilotsuz uçuş aparatının törətdiyi
və yanğına səbəb olan hücumdan sonra Əbu-Dabi administrasiyası
“Şah” adlı iri qaz yatağında işləri dayandırıb. Dəymiş ziyanın
qiymətləndirilməsi başa çatana qədər hasilat işləri
aparılmayacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Operatorun – “Abu Dhabi National Oil Company” (ADNOC) dövlət
şirkətinin – verdiyi məlumata görə, Əbu-Dabidən təxminən 180
kilometr cənub-qərbdə yerləşən “Şah” qaz yatağı dünyanın ən iri
yataqlarından biridir və sutkada 1,28 milyard standart kub fut qaz
hasil etmək gücünə malikdir.
Mətbuat xidmətinin məlumatına əsasən, yanğın lokallaşdırılıb,
xəsarət alan yoxdur.
Münaqişə ərzində İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin
enerji və nəqliyyat infrastrukturu dəfələrlə hücumlara məruz
qalıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

