Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV məbləği məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında
istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri
qaytarılıb.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

“Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən
alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları,
film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti
sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim
olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri
qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi
Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.




2026-cı ilin yanvar-fevral ayları ərzində muxtar respublika üzrə
istehlakçılara 314,6 min manata yaxın ƏDV məbləği geri qaytarılıb
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan
məbləğ 4,4 milyon manatdan çox olub”, – məlumatda qeyd edilib.

Bildirilib ki, 1 mart 2026-cı il tarixə muxtar respublikada
qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3.302 ədəd
olub. Yeni nəsil nəzarət–kassa aparatlarından (NKA) istifadənin
genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların
qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə
nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin
yanvar-fevral aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə
qeydə alınan dövriyyə 83,6 milyon manata yaxın olub ki, bu da
2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat və ya 29,4
faiz çoxdur.