
Bakı. Trend:
Yerli maliyyə resurslarının cəlbi mikromaliyyə məhsullarını daha
əlçatan edir.
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) direktoru
Jalə Hacıyeva Bakıda keçirilən Mikromaliyyə Forumu çərçivəsində
Trend-ə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, forumun əsas məqsədi kənd yerlərində
fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının maliyyə
məhsullarının çeşidini artırmaqdır.
J. Hacıyeva qeyd edib ki, yerli maliyyə resurslarının cəlb
edilməsi xaricdən cəlb olunan vəsaitlə müqayisədə daha
səmərəlidir:
“Çox önəmli məsələ odur ki, yerli maliyyə resurslarının cəlb
edilməsi xaricdən cəlb edilən resursdan daha üstündür. Çünki onun
xərci daha aşağıdır. Xaricdən cəlb edilən vəsait ABŞ dolları ilə
reallaşır və bu da hedcinq riski yaradır. Hedcinq riski isə öz
növbəsində məhsulun qiymətini artırır. Yerli valyutada cəlb
edildikdə isə bu risk aradan qalxır və nəticədə məhsul daha əlçatan
olur”.
J.Hacıyeva qeyd edib ki, hazırda bölgələrdə mikromaliyyə
məhsullarına tələbat kifayət qədər yüksəkdir və bu tələbatın
ödənilməsi üçün bank olmayan kredit təşkilatlarının (BOKT) kapital
bazarının iştirakçıları ilə sıx əməkdaşlığı vacibdir:
“Mərkəzi Bankın ötən il açıqladığı məlumata görə, Azərbaycanda 40
min emitent investor var. Onlar əsasən fərdi investorlardır və
istiqraz alırlar. Bu il Mərkəzi Bankın hədəfi bu sayın 100 minə
çatdırılmasıdır. Bizim də marağımız odur ki, emitentlərin sayı
artsın. Bu cür tədbirlər kapital bazarlarında yeni emitentlərin
ortaya çıxmasına və BOKT-ların potensial investisiya obyekti kimi
diqqət çəkməsinə xidmət edir”.
AMFA direktoru Bakı Fond Birjasının mikromaliyyə təşkilatları
üçün borc bazarında minimal listinq tələbinin 500 min manata
endirilməsini müsbət addım kimi dəyərləndirib:
“Azərbaycanda 54 BOKT fəaliyyət göstərir, lakin onların yalnız
təxminən dörddə biri Bakı Fond Birjası ilə əməkdaşlıq edir. Biz
istəyərdik ki, bu say artsın. Çünki bölgələrdə, ucqar kəndlərdə
fəaliyyət göstərmək əlavə xərclər yaradır, halbuki tələbat kifayət
qədər yüksəkdir”.
Onun sözlərinə görə, dövlətin sosial-iqtisadi inkişaf
proqramlarında regionların inkişafı əsas hədəf kimi müəyyən edilib
və bu genişlənməni təmin etmək üçün maliyyə resurslarının
əlçatanlığı mühüm rol oynayır:
“Maliyyə resurslarına çıxış BOKT-lara həm Mərkəzi Bankın
tələblərinə uyğun fəaliyyət göstərməyə, həm də mikrosahibkarlığın
inkişafına töhfə verməyə imkan yaradır”.


