“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku
Network) Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
dəstəyi ilə “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı
sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti
tədbir keçirib.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, tədbirdə
ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri, ictimai
fəallar, blogerlər, media nümayəndələri və nüfuzlu ziyalılar
iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Trend BİA-nın direktor müavini,
layihənin təlimçi-eksperti Sahil Kərimli bildirib ki, layihənin
məqsədi gənclər, ictimaiyyət nümayəndələri və ekspertlər arasında
zərərli xarici təsirlər və saxta xəbərlərlə mübarizə istiqamətində
maarifləndirməni gücləndirməkdir.

Onun sözlərinə görə, son dövrlər Azərbaycana qarşı milli-mənəvi
dəyərlərin, ailə institutunun və dövlətçilik prinsiplərinin
zəiflədilməsinə yönəlmiş xarici təsirlər müşahidə olunur və bu
cəhdlərə qarşı cəmiyyət daha ayıq olmalıdır.

Daha sonra çıxış edən “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil
İctimai Birliyinin sədri, layihənin rəhbəri Elçin Ağacanov bildirib
ki, hibrid təhdidlərə qarşı mübarizə artıq şüarlar deyil, peşəkar
və sistemli fəaliyyət tələb edir.

O qeyd edib ki, “Bakı Network” dünyanın 28 aparıcı araşdırma və
tədqiqat institutu ilə əməkdaşlıq edir və hər gün 8 dildə analitik
materiallar hazırlayaraq Azərbaycanın informasiya məkanında
mövqeyinin gücləndirilməsinə töhfə verir.

Elçin Ağacanov vurğulayıb ki, müasir dövrdə “saxta xəbər”
anlayışı “hibrid xəbər” anlayışı ilə əvəzlənir. Onun sözlərinə
görə, manipulyasiya artıq təkcə yalan məlumat yaymaqla deyil,
faktların kontekstdən çıxarılması və ya natamam təqdim olunması
yolu ilə həyata keçirilir.

O əlavə edib ki, Azərbaycana qarşı da müxtəlif beynəlxalq
platformalarda belə informasiya manipulyasiyalarından istifadə
olunur və buna operativ, faktlara əsaslanan cavablar
verilməlidir.

Layihə rəhbəri bildirib ki, hibrid təhdidlərə qarşı mübarizədə
dövlət qurumları, qeyri-hökumət təşkilatları, media və ekspert
icması arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Onun fikrincə, bu sahədə vahid analitik və kommunikasiya
mexanizminin yaradılması, sosial şəbəkələrdə yayılan
dezinformasiyaya operativ reaksiya verilməsi və gənc
mütəxəssislərin bu prosesə daha fəal cəlb olunması əsas
prioritetlərdən biri olmalıdır.
Daha sonra BAMF sədri Umud Mirzəyev, siyasi ekspert və analitiklər
– Əli Mustafayev, Fikrət Sadıqov, Müşfiq Ələsgərdi, Rəşad Bayramov
və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini
səsləndiriblər. Tədbir tələbələrin müzakirələri ilə davam edib.