Sığorta bazarında etimad təsadüfən formalaşmır – o, məlumatın düzgün idarə olunması, proseslərin şəffaflığı və texnologiyanın gündəlik xidmətə çevrilməsi ilə yaranır. Məhz bu səbəbdən dünyada icbari sığorta büroları sığorta ekosisteminin “rəqəmsal beyni” rolunu oynayan institusional mərkəzlər kimi çıxış edir. Avropa İttifaqı ölkələri, Böyük Britaniya və Türkiyənin təcrübəsi göstərir ki, vahid informasiya platformaları və inteqrə olunmuş idarəetmə modelləri bazarın dayanıqlığını və vətəndaş məmnuniyyətini birbaşa müəyyən edir.
Azərbaycanda sığorta sektorunda gedən dərin rəqəmsal və institusional dəyişikliklər fonunda İcbari Sığorta Bürosu (İSB) bu transformasiyanın əsas aparıcılarından birinə çevrilib. Elektron xidmətlərin genişləndirilməsi, dövlət qurumları ilə məlumat inteqrasiyası və beynəlxalq sığorta sistemlərinə aktiv qoşulma Büronu təkcə bazar iştirakçısı deyil, həm də sektorun inkişaf gündəliyini formalaşdıran quruma çevirir.
“Report” icbari sığorta sistemində həyata keçirilən yeniliklər, tətbiq olunan innovativ həllər və qarşıdakı dövr üçün prioritetlər barədə İcbari Sığorta Bürosunun (ISB) icraçı direktorunun müavini Seymur Mirzəyev lə müsahibə aparıb.
Həmin müsahibəni oxucularımıza təqdim təqdim edirik:
– İcbari Sığorta Bürosu hansı funksiyaları yerinə yetirir və onun sığorta sektorundakı əsas rolu nədən ibarətdir?
– İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı “İcbari sığortalar haqqında” Qanuna əsasən fəaliyyət göstərir və əsas məqsədi icbari sığorta sisteminin dayanıqlığını təmin etmək, sığortalıların hüquqlarını qorumaq və sığorta bazarında etimad mühitinin formalaşmasına dəstək göstərməkdir. Büro sığorta şirkətləri, dövlət qurumları və vətəndaşlar arasında vahid məlumat mübadiləsini təşkil edir, icbari sığorta müqavilələrinin və hadisələrin qeydiyyatını təşkil edir, kompensasiya mexanizmlərini idarə edir, bazarın şəffaf və effektiv fəaliyyətini təmin edir.
Qanunvericiliyə əsasən, ISB–nin fəaliyyəti əsasən bu istiqamətlər üzrə təşkil olunur: İnformasiya Mərkəzi, Qarantiya Fondu və Yaşıl Kart Bürosu. Bu fəaliyyət istiqamətləri icbari sığorta sisteminin bütövlükdə səmərəli işləməsini təmin edən funksional əsasları formalaşdırır.
– İSB sığorta sektoruna konkret hansı töhfələr verir?
– İSB-nin sığorta sektoruna töhfəsi, ilk növbədə, rəqəmsallaşma, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində özünü göstərir. Biz sığorta əməliyyatlarını tam elektron müstəviyə daşımaqla məlumatların dəqiqliyini, qərarların obyektivliyini və proseslərin vahid standartlar əsasında idarə olunmasını təmin edirik. Bu, həm sığorta şirkətlərinin əməliyyat yükünü azaldır, həm də vətəndaşların daha sürətli, əlçatan və şəffaf xidmət almasına şərait yaradır.
Son bir neçə ildə həyata keçirdiyimiz yeni layihələr, dövlət qurumları ilə genişlənən inteqrasiyalar sığorta bazarının infrastruktur səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib. Paralel olaraq, həm sığorta sektoru, həm də vətəndaşlar üçün rəqəmsal həllərin əhatə dairəsi genişləndirilib. “Şəxsi sığorta kabineti”nin imkanları xeyli artırılıb və bu gün daha funksional, daha rahat və istifadəçi yönümlü bir platforma formalaşıb.
– Son illər İSB bir sıra innovativ layihələr həyata keçirib. Bu təşəbbüslər və rəqəmsal həllər sığorta sektorunda hansı dəyişikliklər yaradıb?
– Son illər İSB-nin həyata keçirdiyi innovativ layihələr təkcə sığorta əməliyyatlarının rəqəmsallaşdırılması deyil, həm də xidmətin mahiyyətcə yenilənməsi istiqamətində atılan addımlardır.
Məsələn, Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan “Forma 4” arayışının artıq könüllü sığorta müqavilələri üzrə də elektron qaydada İSB-nin informasiya sistemi vasitəsilə sorğulanması təmin edilib. Bu layihə sığorta sektorunda məlumat mübadiləsinin vahidləşdirilməsi və proseslərin rəqəmsallaşdırılması baxımından mühüm addımdır. Bu arayış sığorta hadisəsi hesab edilə bilən halın əsas təfərrüatlarını – hadisənin vaxtı, yeri, təqsirli və ya zərərçəkən şəxsləri, zərər dəymiş əmlakı və zərərin xüsusiyyətlərini – özündə əks etdirir və sığorta ödənişlərinin müəyyən edilməsində əsas sənəd hesab olunur.
Əgər əvvəllər bu məlumatlara çıxış yalnız İSB-nin üzvü olan sığortaçılara və yalnız icbari sığorta müqavilələrinə aid idisə, yeni sistemlə bu imkan genişləndirilib: artıq üzv sığortaçılar həm icbari, həm də könüllü müqavilələr üzrə, üzv olmayanlar isə könüllü müqavilələr üzrə məlumatları Büronun informasiya sistemi vasitəsilə elektron qaydada əldə edə bilirlər.
Bununla yanaşı, digər yeniliklərdən biri xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün yaradılmış www.tpl.az platforması vasitəsilə sərhəd sığortasının onlayn şəkildə rəsmiləşdirilməsi mümkün olub. Bu layihə sərhəd-keçid məntəqələrində əməliyyat yükünü və gözləmə müddətini minimuma endirərək həm sürücülər, həm də sığorta şirkətləri üçün böyük rahatlıq yaratmağa hədəflənib.
Digər icra olunmuş layihələrdən biri də Müstəqil Ekspert Alt Sisteminin elektronlaşdırılması layihəsidir. Bu layihənin istifadəyə verilməsi nəticəsində sığorta hadisələri üzrə qiymətləndirmə aparılmadıqda və ya qiymətləndirmə ilə bağlı narazılıq yarandıqda, vətəndaşlara müstəqil ekspert seçimini və ekspertiza prosesini tam rəqəmsal qaydada həyata keçirmək imkanı yaradılmış, bununla da qiymətləndirmə prosesində şəffaflıq, obyektivlik və vətəndaş məmnuniyyətinin əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
Büro həmçinin sığorta şirkətlərinin və vətəndaşların işini asanlaşdırmaq məqsədilə “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması” xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə vətəndaşlar gücləndirilmiş imza vasitəsilə elektron razılıq verərək sığorta hadisələri ilə bağlı məlumatların paylaşılmasını təmin edə bilirlər. Həmin razılıq əsasında sığorta şirkətləri İSB-nin sistemi üzərindən vətəndaşın səbəb olduğu sığorta hadisələrinin sayı, zərərvuran nəqliyyat vasitəsinin növü, hadisənin baş vermə və sistemə daxil edilmə tarixləri, eləcə də hadisənin növü barədə məlumatları operativ şəkildə əldə edirlər. Nəticədə hadisə məlumatlarının paylaşılması prosesi tam rəqəmsallaşdırılmış və sığortaçılar üçün məlumat əldə etmə prosesi daha sürətli və rahat şəkildə təşkil olunub.
Digər bir yenilik isə daşınmaz əmlak üzrə katastrofik risklərin təhlili, modelləşdirilməsi və idarə olunması ilə bağlı layihədir. Türkiyənin “T-Rupt” şirkəti ilə birgə icra olunan bu layihə çərçivəsində “CatMod Azərbaycan” seysmik risk modelinin hazırlanması istiqamətində işlər hazırda yekunlaşmaq üzrədir. Modelin qurulması üçün zəruri olan məlumatlar – daşınmaz əmlakın xüsusiyyətləri, coğrafi lokasiyalar və mövcud risk göstəriciləri – toplanaraq strukturlaşdırılmış və texniki tərəfdaşa təqdim edilib. Cari ildən etibarən bu modelin sığorta sektoru üçün istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da sığorta şirkətlərinə zəlzələ kimi təbii fəlakətlərin potensial təsirlərini əvvəlcədən qiymətləndirməyə, riskləri daha düzgün idarə etməyə və qərarvermə prosesini gücləndirməyə imkan yaradacaq.
– İSB Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsində təmsil olunmaq hüququ qazanıb. Bu təmsilçilik “Yaşıl Kart” sistemi üzrə proseslərin koordinasiyasına hansı töhfələri verəcək?
– Bəli, ötən ilin noyabrında İcbari Sığorta Bürosu Belçikanın Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinə (Internal Regulations Committee) üzvlük üçün keçirilən seçkilərdə uğurla iştirak edib. Seçkilərin nəticələrinə əsasən, İSB Cənub-Şərq Regional Qrupu (“South-Eastern Regional Group”) üzrə 11 səsdən 8-ni toplayaraq Komitədə təmsil olunmaq hüququ qazanıb.
Daxili Reqlamentlər Komitəsi “Yaşıl Kart” sistemi çərçivəsində milli bürolar arasında qarşılıqlı fəaliyyətin, prosedurların və iş prinsiplərinin formalaşdırılmasında, eləcə də sistem üzrə qaydaların təkmilləşdirilməsində mühüm rol oynayan strateji platformadır. İSB-nin bu komitədə təmsil olunması “Yaşıl Kart” sistemi üzrə qərarların qəbulunda daha fəal iştirak etməyə, regional maraqların beynəlxalq səviyyədə daha dolğun şəkildə ifadə olunmasına və proseslərin koordinasiyasının gücləndirilməsinə imkan yaradacaq.
Qeyd edim ki, Bürolar Şurası avtonəqliyyat vasitələri sığortaçılarını təmsil edən milli büroların beynəlxalq assosiasiyası olmaqla yanaşı, “Yaşıl Kart” Sisteminin inzibatçılığı və fəaliyyəti üzrə əsas idarəedici qurumdur. Şuranın əsas məqsədi sistemə üzv ölkələrdə yol-nəqliyyat hadisələri nəticəsində zərərçəkmiş şəxslərin hüquqlarının qorunmasını təmin etməkdir.
İcbari Sığorta Bürosu 2016-cı ildən Bürolar Şurasının üzvüdür və Beynəlxalq “Yaşıl Kart” Sistemində Azərbaycanı təmsil edir. Bundan əlavə, 2023-cü ilin 1 yanvar tarixindən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üçün də Azərbaycan “Yaşıl Kart”larının satışı həyata keçirilir ki, bu da İSB-nin regional rolu və məsuliyyətinin artdığını göstərir.
– Gələcək üçün İSB-nin prioritet fəaliyyət istiqamətləri nədən ibarətdir?
– Bu gün artıq deyə bilərik ki, İcbari Sığorta Bürosu sığorta sektorunda rəqəmsal transformasiyanın mərkəzində dayanan quruma çevrilib. Qarşıdakı dövr üçün əsas məqsədimiz texnologiyanın imkanlarını daha dərin səviyyədə tətbiq edərək sığorta ekosistemini keyfiyyətcə yeni mərhələyə daşımaqdır. Əgər əvvəlki illərdə əsas diqqət proseslərin rəqəmsallaşdırılmasına yönəlmişdisə, növbəti mərhələdə fokusumuz “insurtech” həlləri üzərindən formalaşan, məlumat əsaslı qərarverməni dəstəkləyən data ekosisteminin qurulmasıdır.
İcbari Sığorta Bürosunun gələcək üçün nəzərdə tutduğu əsas inkişaf istiqamətlərindən biri olan “Open Insure Data” layihəsi çərçivəsində sığorta bazarına dair məlumatların beynəlxalq təcrübə nəzərə alınmaqla strukturlaşdırılması, məlumat mübadiləsi üçün uyğun infrastrukturun formalaşdırılması və analitik istifadəyə yararlı vahid məlumat mühitinin yaradılması planlaşdırılır. Layihənin icrası nəticəsində sığorta bazarı üzrə ümumiləşdirilmiş göstəricilərə əsaslanan daha şəffaf, müqayisə olunan və məlumat əsaslı qərarvermə imkanlarının formalaşdırılması hədəflənir.
Digər bir mühüm təşəbbüsümüz “Insurebus Gateway” API layihəsidir. Bu layihə çərçivəsində sığorta müqavilələrinin rəsmiləşdirilməsi və sığorta hadisələrinin qeydiyyatı da daxil olmaqla əsas xidmətlərin API servislər vasitəsilə sığorta şirkətlərinə təqdim edilməsi hədəflənir. Nəticədə sığorta şirkətləri əməliyyatlarını öz biznes proseslərinə uyğun şəkildə qurmaq, eyni zamanda, məlumatların bir çox mərhələdə verifikasiyasını sektorun informasiya sistemi üzərindən aparmaq imkanı əldə edəcəklər. Bu yanaşma sığortaçılara öz modellərini daha çevik şəkildə formalaşdırmaq və rəqəmsal inteqrasiyanı gücləndirmək imkanı yaradacaq.
Bütün bu təşəbbüslər sığorta sisteminin müasir texnologiyalara əsaslanan, etibarlı və şəffaf bir xidmət ekosisteminə çevrilməsinə yönəlib.
Digər mühüm istiqamət regional əməkdaşlıqdır. Məqsədimiz yalnız daxili bazarla məhdudlaşmaq deyil, region ölkələri ilə sığorta informasiya sistemlərinin inteqrasiyası üzrə təşəbbüslər həyata keçirməklə transsərhəd sığorta əməliyyatlarının avtomatlaşdırılmasına zəmin yaratmaqdır.
Sonda xüsusi vurğulamaq istərdim ki, bizim üçün texnologiya heç vaxt məqsəd olmayıb – o, insanların həyatını asanlaşdırmaq üçün vasitədir. Sığortalı üçün xidmətə çıxışı sadələşdirmək, sığorta şirkətlərini etibarlı və dəqiq məlumatla təmin etmək və ümumilikdə bazarda etimadı gücləndirmək İcbari Sığorta Bürosunun əsas missiyasıdır.

