Belçikada F-35 təyyarələrinin alınması mübahisələrə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınması
ilə bağlı qərar siyasi mübahisələrə yol açıb.

Trend xəbər verir
ki, hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35
təyyarəsi almaq planı bir qrup belçikalı deputatın etirazına səbəb
olub və onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsi
təqdim ediblər.

Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat naziri
vasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaq
məqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağını
açıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB)
deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələb
edən qətnamə layihəsi irəli sürüblər.




Qətnamə müəllifləri proqramın yüksək maliyyətini, F-35
təyyarələrinin texniki problemlərini və Belçikanın ABŞ-dan artan
asılılığını tənqid edirlər. Deputatlar hesab edirlər ki, təxminən
1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidai
məktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir bir
xəstəxana inşa etmək mümkün olardı. Onların əsas narahatlığı
ölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir.
Deputatların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzi
xüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyi
baxımından risklər yarada bilər.

Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16
təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısı almaq
qərarına gəlib. Sonrakı addım olaraq 11 yeni təyyarənin sifarişi
gündəmə gəlib. Mövcud prosedurların mürəkkəbliyi və eyni tipli
donanmanın saxlanmasının təlim və texniki xidmət baxımından daha
məqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geri
çəkiləcəyi ehtimalı az görünür.