
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında işçilərin məcburi dövlət sosial
sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə
Qanunda öz əksini tapıb.
Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan,
qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi
fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o
cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna
olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş
məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə
dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:
- 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək
– 100 faizi miqdarında; - 2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək
– 80 faizi miqdarında; - 2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək
– 60 faizi miqdarında; - 2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək
– 40 faizi miqdarında.
Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət
sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri
ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət
büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim
edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal
fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla)
sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta
haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə
dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

