Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir

Baş səhifə

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanda kənd
təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya
quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiq
təsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda
hansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu o
deməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda
nəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədən
bəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, beton
əsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır.

Trend xəbər
verir ki, bu açıqlamanı mediaya Kənd Təsərrüfatı Nazirliyinin
Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev
verib.

O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən,
kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərində
yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində
istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından
inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə və
quraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildə
qeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədən
quraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və ya
dəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində
quraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa edilən
tikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunur
ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd
təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli
kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin
müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin
(personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər
üçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə,
anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlı
torpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm də
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə
yolverilməzdir”.




Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı
torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan
müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqında
Fərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda
inşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı öz
əksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi
300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6
metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə,
karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad
dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və
ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cür
tikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrin
müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin
(personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər
üçün inşa edilə bilər.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda
göstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandır
və bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyəti
yaradır.