
Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay
şəhərində keçirilmiş İkinci Ərəb İdarəetmə Forumunda iştirak
edib.
Trend xəbər
verir ki, bu barədə “Asan xidmət” məlumat yayıb.
Bildirilib ki, tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT)
Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCWA) və BƏƏ
Hökumətinin təşkilatçılığı ilə baş tutub.
Forumda BƏƏ, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Tunis,
İordaniya, Oman, Bəhreyn, Cibuti, Somali, Livan kimi ölkələrin
müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının
nümayəndələri, eləcə də beynəlxalq təşkilatların və akademik
qurumların təmsilçiləri iştirak ediblər.
Məqsəd dövlət idarəçiliyində yeni strategiyaların
müəyyənləşdirilməsi üçün müzakirələrin aparılması, innovasiyanın
təşviqi məqsədilə hökumətlər, özəl sektor və akademik dairələr
arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və dövlət
xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı təcrübələrin
bölüşülməsi olub.
Dövlət Agentliyinin nümayəndəsinin təqdimatı zamanı Prezident
İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”
mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər
barədə məlumat verilib. Bu model vasitəsilə dövlət xidmətlərinin
göstərilməsində tətbiq edilən innovativ və şəffaf yanaşmalar, eləcə
də modelin tətbiqinin vətəndaş məmnunluğuna təsiri diqqətə
çatdırılıb.
Həmçinin hazırda Azərbaycanın intellektual brendinin bir sıra
ərəb ölkələri də daxil olmaqla 30-dan çox ölkəyə ixrac edildiyi
diqqətə çatdırılıb.
Bu çərçivədə BƏƏ-nin, Mərakeşin, İordaniyanın, Somalinin, eləcə
BMT-nin müxtəlif bölmələrinin nümayəndələri ilə görüşlər də
keçirilib.

