
Bakı. Trend:
Ermənistan xalqı keçirilən parlament seçkilərində sülhə,
regional rifaha və hərtərəfli əməkdaşlığa səs verib.
Trend xəbər verir, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan
səsvermənin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib.
O, bu siyasi mesajın qonşu dövlətlər tərəfindən konstruktiv
qarşılanacağına ümid etdiyini ifadə edib.
“Mesajımız dəyişməz olaraq qalır: Ermənistan xalqı sülhə,
regional rifaha və regional əməkdaşlığa səs verib. Ümid edirəm ki,
bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq.
Ermənistan və Azərbaycan arasında sülhü institusional səviyyədə
möhkəmləndirməliyik. Həmçinin Türkiyə ilə sərhədləri açmalıyıq. Və
əlbəttə ki, diplomatik münasibətlər qurmalıyıq”, – deyə Nikol
Paşinyan bildirib.
Baş nazir Ankara ilə qarşılıqlı fəaliyyətin hazırkı dinamikasını
müsbət qiymətləndirib və Axalkalaki–Qars dəmir yolu xəttinin
Ermənistanın ixrac-idxal əməliyyatları üçün açılması qərarına görə
təşəkkürünü ifadə edib.
Paşinyan vurğulayıb ki, quru sərhədlərinin tam açılması və
diplomatik əlaqələrin qurulması kimi yekun irəliləyişə nail olmaq
üçün mövcud tempin qorunub saxlanılması vacibdir.
Bakı ilə danışıqlar prosesinə toxunan hökumət başçısı xatırladıb
ki, tərəflər artıq sülh sazişinin mətnini paraflayıblar və növbəti
məntiqi addım onun rəsmi şəkildə imzalanması olmalıdır.
Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda uzunmüddətli
sabitliyin təmin olunması baxımından ən vacib məsələlərdən biri
TRIPP layihəsinin tezliklə işə salınmasıdır. O qeyd edib ki, bu
təşəbbüs regionda vəziyyəti köklü şəkildə dəyişə və nəqliyyat və
iqtisadi blokadanın tam aradan qaldırılmasını təmin edə bilər.

