Azərbaycanda akvakulturada yetişdirilən balıqların ixrac potensialı daha çoxdur – Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru (MÜSAHİBƏ)

Baş səhifə

Bakı.Trend:

2025-ci il 13-23 oktyabr tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı
ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının
elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə
keçirilən ekspedisiya uğurla yekunlaşsa da, elmi-tədqiqat işləri
hələ bitməyib.

Bunu Trend
özəl müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik
hüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.

O bildirib ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın həm
Xəzər dənizi akvakulturasında, həm də daxili sularında balıq
ehtiyatlarının qiymətləndirilməsi idi:

“Bu qiymətləndirməyə o səbəbdən ehtiyac duyuruq ki, növbəti
illərdə balıq ehtiyatlarının bərpası üçün nə qədər balıq buraxma
əməliyyatlarının lazım olduğunu müəyyənləşdirə bilək. Ekspedisiya
əsasən, Abşeron yarımadasının şimal-cənub istiqamətlərinə yönələrək
aparılıb. Eyni zamanda Azərbaycanın daxili sularında ekspedisiya
qrupu çalışıb”.

Ekspedisiya zamanı nəsli kəsilməkdə olan Nərə kimilər və
Xəzər Qızıl balığına rast gəlinməyib

C.Əliyev bildirib ki, çox güman ki, ekspedisiya müddəti qısa
olduğundan bu balıqlar müşahidə edilməyib.

“Kilkə Xəzərdə ən çox ovlanan balıqlardan biridir. Bu balıqların
ovlanması 5 Xəzəryanı ölkəsinin qərarıyla kvotalara bölünüb. Bu
ilin noyabr ayının sonlarından “Xəzər dənizin su ehtiyatları
resurslarından səmərəli istifadəsi haqqında” sazişə əsasən,
yaradılan komissiya işinə başlayacaq. Həmin komissiya ildə bir dəfə
toplanır və dənizdə olan balıqların ümumi kvotasını müəyyən edir.
Biz də bu il həmin komissiyanın tərkibində iştirak edəcəyik. Bundan
öncəki illərdə isə yalnız Rusiya Federasiyasının araşdırmalarına
istinad edirdik, indi isə öz nəticələrimiz əlimizdə olacaq”,- deyə
mərkəz rəhbəri əlavə edib.

O açıqlayıb ki, Xəzərdə təxminən 500-700 min aralığında kilkə
ehtiyatı var:

“Bəzi balıq növlərinin isə daxili sularda ehtiyatı azalıb.
Məsələn, Çəki kimilər şirin su hövzələri və süni göllərdə sürətlə
artmalıdır, lakin, Xəzər dənizində ekspedisiya müddətində çəki
kimilərə rast gəlmək tezliyi çox aşağı olub”.

“Balıqçılıq və Akvakultura Mərkəzi”nin direktoru bildirib ki,
Azərbaycanda süni göllər, akvakultura mərkəzləri və kanal tipli
təsərrüfatların ümumi sayı 76-ya çatıb.

C.Əliyev vurğulayıb ki, bəzi bu tipli təsərrüfatlar qeydiyyata
düşməsələr də, fəaliyyət göstərirlər:




“Akvakultura mərkəzlərinin qeydiyyat prosesinin asanlaşdırılması
məqsədilə qanunvericiliyə təkliflər hazırlamışıq”.

Balıqçılıqla bağlı yeni yaradılacaq elektron uçotun
məqsədi

“Balıqçılıqla bağlı elektron uçotun yaradılması planlaşdırılır.
Bunun əsas məqsədi balıqçılıq sahəsində fəaliyyət göstərən
subyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır. Digər proses isə
akvakultura təsərrüfatlarının istehsalatının dayanıqlığını təmin
etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbəti
illərdə sahibkarlara subsidiya və dəstək mexanizmlərinin
hazırlanmasıdır”, – direktor vurğulayıb.

C.Əliyev bildirib ki, dünyada akvakultura səviyyəsində iqtisadi
cəhətdən səmərəlilik baxımından yetişdirilən bir çox balıq növü
var.

“Azərbaycanda yetişdirilən akvakultura balıqları əsasən, Qızıl
balıq kimilərdən alınan Farel, Nərə kimilər və Çəki kimilərdir
(sazan, karp).

Nərə balığının kürüsü dünyada çox məşhurdur. Düşünürük ki,
Azərbaycanda akvakulturada yetişdirilən balıqların ixrac potensialı
daha çoxdur”,- deyə o, qeyd edib.

Onun sözlərinə görə, hazırda “Akvakulturanın həyata
keçirilməsinə dair” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,
akvakultura təsərrüfatlarının qeydiyyatı həyata keçirilir.

“İdeoloji, texnoloji əsaslandırmalar sahibkar tərəfindən
hazırlanaraq Balıqçılıq və Akvakultura Mərkəzi təqdim edilir. Həmin
əsaslandırmalar qiymətləndirildikdən sonra uyğunsuzluq yoxdursa, o
təsərrüfat qeydiyyata alınır. Qeydiyyat prosesində dövlət rüsumu da
ödənilməlidir. Sahibkarın ideoloji, texnoloji əsaslandırmasında
uyğunsuzluq yaranarsa, qanunvericiliyə əsasən, mərkəzimiz həmin
şəxsə pulsuz məsləhət xidməti göstərir”.

C.Əliyev açıqlayıb ki, cari ilin ötən dövrü üçün aparılan
nəzarət tədbirləri nəticəsində təxminən 100 nəfərə yaxın şəxs
barəsində inzibati protokol tərtib edilib.

“Bu tədbirlər əsasən qanunsuz balıq ovuna, nərə balığı və digər
növlərin bioloji ehtiyatlarına zərər vuran hallara qarşı yönəlib.
Qeyd edək ki, nəzarət və profilaktik maarifləndirmə işləri il
ərzində ardıcıl şəkildə davam etdirilir”,- deyə o əlavə edib.