
Bakı. Trend:
Son zamanlar əhali arasında müşahidə olunan bu simptomlar
kompleksi (halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma) çox vaxt
kəskin qastroenterit və ya xalq arasında “mədə-bağırsaq qripi” kimi
tanınan virus mənşəli infeksiyaların əlamətidir.
Bu barədə Trend-ə
açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar
Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi
halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır:
“Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da
abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa,
mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların
(məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması
nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər.
İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət
edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq
lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd
məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə
şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə
etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün
bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından
istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq
viruslarına qarşı universal bir vaksin yoxdur. Rotavirus vaksini
əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda
antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma
əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin
bərpası).lakin dayanmadan davam edən şiddətli qusma,yüksək hərarət
(38.5°C və yuxarı),nəcisdə qan və ya şiddətli qarın ağrısı,ciddi
susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması,
başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır”, –
həkim qeyd edib.

