
Avropa Komissiyası Türkiyə və Cənubi Koreyanın SAFE (Security and Defence Fund for Europe) müdafiə təşəbbüsünə qoşulmaq üçün müraciətləri ilə bağlı hələlik heç bir qərarın olmadığını bildirib.
Bu barədə “Report”un Avropa bürosunun sualına cavab olaraq Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Toma Renye bildirib.
O qeyd edib ki, Ankara və Seulun mümkün iştirakı ilə bağlı hələlik heç bir danışıqlar aparılmır: “Danışıqlara başlamaq üçün Avropa Komissiyası əvvəlcə tövsiyə hazırlamalıdır. Bu tövsiyə Aİ Şurası tərəfindən nəzərdən keçirildikdən və mandat alındıqdan sonra danışıqlardan söhbət gedə bilər”.
Brifinqdə jurnalistlər Aİ-nin ən böyük iqtisadiyyatına malik olan, Ankara ilə müdafiə və sənaye sahəsində daha sıx əməkdaşlığın əsas tərəfdarı olan Almaniyanın təşəbbüsə açıq dəstəyi nəzərə alındıqda vəziyyətin çaşdırıcı olduğunu qeyd ediblər.
Dünən Almaniya kansleri Fridrix Merts Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin SAFE-də iştirak perspektivlərini və digər müdafiə tərəfdaşlığı məsələlərini müzakirə edib.
Mətbuatın xəbərlərinə görə, Berlin Avropanın cənub-şərq cinahında artan təhdidlər fonunda proqramın “Aİ xaricindəki etibarlı tərəfdaşları” əhatə etmək üçün genişləndirilməsinin tərəfdarıdır.
“Türkiyə bizə aid olan bütün xarici siyasət və təhlükəsizlik məsələlərində olduqca vacib oyunçudur. Almanlar və avropalılar olaraq, (digər ölkələrlə) strateji tərəfdaşlığımızı dərinləşdirməliyik və Türkiyə bundan kənarda qala bilməz”, – Merts bildirib.
Öz növbəsində, Türkiyə lideri qeyd edib ki, Avropada təhlükəsizliyin dəyişən şərtləri fonunda müdafiə məhsullarının alınması ilə bağlı problemləri keçmişdə qoyub birgə layihələrə diqqət yetirmək lazımdır.
“Biz demirik ki, Türkiyə vacib tərəfdaş deyil və ya onun əhəmiyyətli müdafiə imkanları yoxdur. Lakin SAFE nisbətən yeni bir vasitədir və üzv dövlətlər yalnız bu yaxınlarda ilkin ayırmalar alıblar”, – AK nümayəndəsi aydınlaşdırıb.

