Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Quliyev dəfn olunub

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu
Quliyevin qalıqları oktyabrın 30-da paytaxtın Suraxanı rayonu
ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər
xiyabanında dəfn olunub.

Trend xəbər
verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili
İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayon
İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid
ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət
Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar
oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.




Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin
yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev
1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağ
uğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti
müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.