
Bakı. Trend:
Bu gün müzakirəyə çıxarılan qanun layihəsi uşaqların rəqəmsal
mühitdə təhlükəsizliyinin təmin edilməsi və dövlətin informasiya
məkanının qorunması baxımından mühüm hüquqi islahatları əhatə
edir.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova Milli Məclisin üç komitəsinin
bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, artıq uşaqların formalaşdığı əsas mühit
fiziki deyil, rəqəmsal məkandır və bu mühit həm öyrənmə və ünsiyyət
imkanları yaratdığı kimi, ciddi risklər də doğurur:
“Bu risklərə dezinformasiya, zorakılıq və manipulyativ məzmun,
eləcə də asılılıq yaradan rəqəmsal təsirlər daxildir. Buna görə də
uşaqların müdafiəsi yalnız ailə deyil, həm də dövlət səviyyəsində
sistemli yanaşma tələb edir. Azərbaycan Respublikasında bu sahə
artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilmiş, uşaqların rəqəmsal mühitdə qorunması üzrə hüquqi və
institusional baza formalaşdırılmışdır. Təqdim olunan qanun
layihəsi də bu istiqamətdə yeni mərhələ yaradır”.
Komitə sədrinin sözlərinə görə, layihədə 16 yaşdan aşağı
şəxslərin sosial şəbəkələrə qeydiyyatının məhdudlaşdırılması, yaşın
yoxlanılması və valideyn razılığı mexanizmləri, valideyn nəzarəti
funksiyaları, fərdi məlumatların qorunması, provayderlərə dair
tələblər və məsuliyyət mexanizmləri nəzərdə tutulur.
“Eyni zamanda, məlumatların qorunması, saxlanılmaması və
kommersiya məqsədləri üçün istifadə edilməməsi kimi prinsiplər
qanunvericilikdə təsbit edilir ki, bu da uşaqların rəqəmsal izinin
təhlükəsizliyi baxımından mühüm addımdır. Beynəlxalq təcrübə də
göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız zəruri
məlumatların toplanması, məqsədli istifadə və ehtiyac bitdikdə
silinmə prinsipləri ilə təmin oluna bilər.
Nəticə etibarilə, bu qanun layihəsi uşaqların qorunmasını
gücləndirən, ailələrin məsuliyyətini artıran və dövlətin
informasiya təhlükəsizliyini möhkəmləndirən mühüm hüquqi sənəddir”,
– Bahar Muradova əlavə edib.

