
Bakı. Trend:
Bu gündən ETIC (“Extreme Traveler International Congress”)
klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı
beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.
Trend xəbər verir
ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya,
İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled
People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan
olan Çarls Veley də təmsil olunur.
Heyət 2 gün ərzində avtomobil yolu ilə
Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi
planlaşdırır.
İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində
tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün
dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə
2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq
səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan
sayca 15-ci səfərdir.
Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısamüddətdə 6
şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu
yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal
və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura
davamlı axını ilə nəticələnir.

