
Bakı. Trend:
İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran,
Azərbaycan, Rusiya və Hindistan arasında gömrük əməkdaşlığı
anlaşmasının tez bir zamanda yekunlaşdırılaraq imzalanmasını təklif
edir.
Trend-in
məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq
bu gün (13 oktyabr) Bakıda keçirilən Azərbaycan, İran və Rusiya
üçtərəfli iclasında deyib.
Onun sözlərinə görə, dəhlizlər çərçivəsində gömrük
əməkdaşlığının artırılması tranzitin inkişafının önəmli
amillərindən biridir.
Sadeq bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi
çərçivəsində İran, Azərbaycan və Rusiya gömrükləri arasında yük və
nəqliyyat vasitələrinin məlumatlarının elektron qaydada mübadiləsi
lazımi tədbirlərin görülməsi üzrə önəmli məsələlərdən biridir.
Bununla əlaqədar bir ay ərzində üç ölkə arasında məlumat
mübadiləsinin mexanizminin tənzimlənməsi üçün birgə texniki işçi
qrupunun təşkil olunması təklif olunur.
“Üç ölkənin strateji əməkdaşlıq sahələrindən biri enerji
sahəsidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini enerji
sahəsinə inkişaf etdirmək və “Enerji Dəhlizi” müəyyənləşdirmək
olar. İran davamlı texniki iclasların keçirilməsi ilə elektrik
şəbəkəsinin sinxronlaşdırılmasının tez bir zamanda həyata
keçirilməsini təklif edir”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya
nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə
iqtisadi və ticarət məsələləri müzakirə olunur.

