
Bakı.Trend:
Hazırda Dövlət Xidməti tərəfindən aparılan Çıraqqala abidəsində
möhkəmləndirmə, bərpa-konservasiya işləri tamamlanıb və ərazidə
ziyarətçilərə mədəni xidmətlərin göstərilməsi üçün müvafiq
infrastrukturun yaradılması üzrə işlər davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.
Qeyd olunub ki, həmçinin bərpasına bu il başlanan Kiçik Mərdəkan
qəsrində bərpa işləri davam etdirilir:
“Həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi
görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və
ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun
yaradılmasıdır”.
Qurumdan bildirilib ki, bərpa zamanı qəsrin təbii təsirlərdən
yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri
ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa
edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk
edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və
nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.
“Həyata keçirilən bərpa işlərinin 2026-cı ilin yanvar ayında
başa çatdırılması planlaşdırılır”,-əlavə olunub.

