
Bakı. Trend:
İyunun 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayevin ölkəmizdə səfərdə olan Rumıniya Prezidentinin xarici
siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius
Lazurkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə
arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, regional
əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əlaqələrin
genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.
Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib.
Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji
əməkdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə
əsaslandığını bildirərək, Rumıniyanın Azərbaycanın Avropa
İttifaqındakı ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib.
Nazir, həmçinin, Rumıniyanın Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.
Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir
Rumıniyanın Azərbaycan təbii qazını idxal edən ölkələr sırasında
yer aldığını qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində
Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rol oynadığını bildirib.
Xüsusilə, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin
strateji əhəmiyyəti vurğulanaraq, onun uzunmüddətli enerji
əməkdaşlığının gücləndirilməsinə və yaşıl keçid hədəflərinin
dəstəklənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Eyni zamanda, S.Babayev ölkəmizdə dövlət maliyyəsinin idarə
olunması sahəsində aparılan islahatlar barədə məlumat verib, fiskal
idarəetmə, dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, dövlət
xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də Avropa İttifaqının
qabaqcıl islahat təcrübələrinin öyrənilməsi istiqamətində Rumıniya
ilə ekspertlər səviyyəsində əməkdaşlığın genişləndirilməsində
maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata
keçirilən bərpa və yenidənqurma işləri də diqqət mərkəzində olub.
Mina təhlükəsinin postmünaqişə dövrünün əsas humanitar
çağırışlarından biri olduğu qeyd olunaraq, humanitar minatəmizləmə
fəaliyyətinin təhlükəsiz qayıdışın təmin olunması, iqtisadi
dirçəliş və regional bağlantı layihələrinin icrası baxımından
həlledici əhəmiyyət daşıdığı vurğulanıb.
Öz növbəsində, Marius Lazurka Azərbaycan ilə Rumıniya arasında
strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından
məmnunluğunu ifadə edib, siyasi dialoqun dərinləşdirilməsinin,
iqtisadi əməkdaşlığın genişləndirilməsinin və regional
bağlantıların inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O,
Xəzər və Qara dəniz regionları arasında əlaqələrin
möhkəmləndirilməsində hər iki ölkənin rolunu və Orta Dəhlizin Asiya
ilə Avropa arasında etibarlı nəqliyyat marşrutu kimi əhəmiyyətini
yüksək qiymətləndirib.
Görüş zamanı, həmçinin, logistika, infrastruktur, rəqəmsal
texnologiyalar, istehsal və bərpa olunan enerji sahələrində
əməkdaşlığın genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi
aparılıb.

