
Bakı. Trend:
Oktyabrın 12-dən 16-dək Misirdə “İqlim dəyişikliyinə uyğunlaşma
və suyun davamlılığı üçün innovativ həllər” devizi altında 8-ci
Qahirə Su Həftəsi təşkil olunacaq.
Trend xəbər verir
ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında
keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər,
mütəxəssislər və 100-ə yaxın beynəlxalq, regional təşkilatın
nümayəndələri iştirak edəcəklər.
Proqram çərçivəsində 125 sessiya, plenar görüşlər və texniki
seminarlar keçiriləcək. Əsas tədbirlər sırasında Dünya Su Şurasının
İdarə Heyətinin iclası, İslam Su Ehtiyatlarının İdarə Edilməsi
Şəbəkəsinin 37-ci Baş Assambleyası, UNESCO-nun Beynəlxalq Hidroloji
Proqramının 50 illiyi və digər beynəlxalq toplantılar yer alır.
Həftə ərzində həmçinin Ərəb Ölkələri Liqasının Su və Kənd
Təsərrüfatı üzrə komitəsinin iclası, Avropa İttifaqının “Suya
investisiya və maliyyələşdirmə” konfransı və Misir–Niderland Su
Forumu keçiriləcək.
Tədbir çərçivəsində su ehtiyatlarının idarə olunması üzrə elmi
tədqiqatlar və innovativ həllərin təqdimatı, həmçinin bu sahədə
müsabiqələr də baş tutacaq. Qahirə Su Həftəsi sərgisində 22 şirkət
və təşkilat su və iqlim texnologiyalarını nümayiş etdirəcək.

