“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək

Baş səhifə

Bakı. Trend:

“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək.

Trend-in
məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni “Dövlət xidmətləri haqqında” qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, qanun layihəsi dövlət xidmətləri sahəsində
faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir,
həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri
tənzimləyir.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə,
vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı
qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə
xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də
konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin
azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna
olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata
keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi
gətirilib.




Layihənin qəbul olunması ilə dövlət xidmətinin
formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən
dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil
edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi
elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt,
hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ
elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi
qeyd edilib.

Layihədə dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi
müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi
daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra
dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab
ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.