“Azneft” Sinqapur şirkətləri ilə Anlaşma Memorandumu imzalayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat
Birliyi ilə Sinqapurun “Kranji Solution” və “MySep Pte” şirkətləri
arasında Anlaşma Memorandumu imzalanıb.

Trend “Azneft”ə istinadən xəbər verir ki, sənədi “Azneft” İB-nin baş
mühəndisi-baş direktorun birinci müavini Tofiq Heydərov, “Kranji
Solution” şirkətinin texniki direktoru Michel van Vorselen və “MySep Pte” şirkətinin rəhbəri Guy Hellinx imzalayıblar.




Razılaşmaya əsasən, “Azneft”in strukturuna daxil olan neft və
qazçıxarma idarələrinin qazyığım və nəql sistemində istismar edilən
separatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyata
keçiriləcək, həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təlim
keçiriləcək.

Nəticədə separatorların layihələndirilməsi, nasazlıqların aradan
qaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerli
mütəxəssislərimiz tərəfindən müstəqil şəkildə həyata keçiriləcək,
yığım və nəql sistemlərində mürəkkəbləşmə riskləri minimuma
endiriləcək.