
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar
2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit
Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan
vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq
öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Trend Fonda
istinadən xəbər verir ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata
görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil
şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin
yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.
Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan
vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil
edir.
Qeyd olunub ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər
təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda,
3-ü isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş
həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb,
bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün
mənzillər yeni və müasir tikinti materiallarından istifadə
olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi
cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz
olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət
qeydiyyatına alınıb.

