
Bakı. Trend:
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət
başçılarının 12-ci zirvə toplantısı türk dövlətlərinin
inteqrasiyası baxımından mühüm addım olub.
Trend xəbər verir
ki, bunu TDT-nin baş katibinin müavini Merey Mukajan “Halal
Business Forum” forumunda bəyan edib.
O, regionun İslam irsinin, tarixi şəhərlərinin və əsrlərlə
formalaşmış qonaqpərvərlik ənənələrinin əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, bu dəyərlər halal turizmi TDT-yə üzv və müşahidəçi
ölkələr arasında təbii və güclü əməkdaşlıq sahəsinə çevirir.
M.Mukajanın sözlərinə görə, etik, dayanıqlı və ictimai
prinsiplərə əsaslanan halal sənayesi təkcə iqtisadi imkanlar
yaratmır, həm də mədəni dayanıqlığı və mənəvi aydınlığı təmin
edir.
Əsas təşəbbüslər arasında o, “Tabarruk Ziyarət” layihəsini qeyd
edib. Bu layihə məscidlər, karvansaraylar və digər tarixi
əhəmiyyətli obyektlər daxil olmaqla, yeddi ölkədə yerləşən 27
görməli yeri birləşdirir.
O, həmçinin Şərq və Qərbi birləşdirən mədəni və sivilizasiya
xəzinələrini nümayiş etdirən “Turkic Silk Road” (Türk İpək Yolu)
təşəbbüsünü də xüsusi vurğulayıb.

