
Bakı. Trend:
Gələn ildən etibarən İslam bankçılığı məhsulları Azərbaycan
bazarında təqdim olunacaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun
dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov II
Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank beynəlxalq təcrübəni nəzərə
alaraq mərhələli və praqmatik strategiya qəbul edib: “Bu
strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları
ənənəvi banklar daxilində “İslam pəncərəsi” modeli vasitəsilə
təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə,
iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş
həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq”.
AMB rəsmisi vurğulayıb ki, bu mərhələli strategiyanın icrası
üçün Mərkəzi Bank konkret yol xəritəsi müəyyənləşdirib və bu
xəritəni dörd əsas istiqamətə bölmək olar: “Birincisi, ilkin
mərhələdə tətbiq olunacaq məhsulların müəyyənləşdirilməsidir. Bunun
üçün Mərkəzi Bank banklarla, sənaye assosiasiyaları və ekspertlərlə
müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını
qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən
edib.
Bu mərhələ artıq tamamlanıb. İndi isə həmin məhsulların
tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır.
Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, Banklar haqqında qanun və digər
normativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklər
bank sektoruna təqdim olunub və hazırda onlardan gələn rəy və
təkliflər toplanır. Mərkəzi Bank bu rəyləri yekunlaşdıraraq ilin
sonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyi
planlaşdırır”.
R. Tahirov qeyd edib ki, yol xəritəsinin üçüncü əsas sütunu
potensialın və biliklərin artırılmasıdır: “Bu, çox vacib və
həlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan,
Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa
başlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə Azərbaycan
Mərkəzi Bankının nəzarət və tənzimləyici əməkdaşları üçün təlim
proqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davam
etdirməyi planlaşdırırıq.
Hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdan
sonra, banklar müəyyən İslam bankçılığı məhsullarını “İslam
pəncərəsi” vasitəsilə təqdim etməyə başlaya biləcəklər. Mərkəzi
Bank bu ilkin mərhələnin gedişatını izləyəcək, nəticələri
qiymətləndirəcək və əldə olunan təcrübəyə əsaslanaraq növbəti
mərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənin
təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək”.
“Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıx
əməkdaşlıq etməyə hazırıq və əminik ki, gələn ildən etibarən İslam
bankçılığı məhsulları ölkə bazarında təqdim olunacaq”, – deyə AMB
rəsmisi vurğulayıb.


