III MDB Oyunları: Azərbaycan yığmaları yarımfinala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3×3 basketbol
yarışlarına start verilib.

Trend xəbər verir
ki, oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları
(U-17) yarımfinala vəsiqə qazanıblar.

“A” qrupunda çıxış edən oğlan komandamız (Hüseyn Qaflanov,
Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı
21:13, Qırğızıstanı 18:6 hesabı ilə məğlub edib, lakin Rusiyaya
8:21 uduzub. Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala
yüksəlib. Yarımfinalda Azərbaycan komandası “B” qrupunun lideri
Belarusla qarşılaşacaq. Digər yarımfinalda isə Rusiya Özbəkistanla
üz-üzə gələcək.




Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl,
Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana
13:16 hesabı ilə məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr
qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı 20:5,
Rusiyanı 19:18, Belarusu isə 18:17 hesabı ilə məğlub edib.

Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir
dairəvi sistemlə keçirilmiş və ilk dörd yeri tutan komandalar
yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə
adlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan komandası olacaq. Digər
yarımfinalda isə Rusiya Belarusla qarşılaşacaq.

Qeyd edək ki, yarımfinallar, üçüncü yer uğrunda oyunlar və final
görüşləri sabah saat 16:00-dan etibarən keçiriləcək.