
Bakı. Trend:
25 sentyabr 2025-ci il tarixində Azərbaycanın Latviyadakı
Səfirliyində 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr
olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Elnur
Sultanov açıb. O, beş il bundan öncə, 27 sentyabr 2020-ci il
tarixində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum
əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin
başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər
il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib.
Səfir torpaqlarımızın erməni işğalından azad olunmasında
fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin
Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə qanunsuz
hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə
əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almağı davam
etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən,
əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki
əhaliyə qarşı ağır müharibə cinayətləri törətmişdir.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi
əhəmiyyətə malik olan Şuşa işğaldan azad edilmiş, Kəlbəcər, Ağdam
və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyanat ilə ölkəmizə qaytarılması təmin edilmişdir.
E.Sultanov erməni silahlı birləşmələrinin təxribatlarının
qarşısının alınması üçün 19-20 sentyabr 2023-cü il tarixlərində
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən antiterror
tədbirlərinin həyata keçirildiyini və 24 saatdan az vaxtda yüksək
peşəkarlıqla keçirilən bu əməliyyatın ölkəmizin suverenliyinin tam
bərpası ilə nəticələndiyini bildirib.
Səfir Azərbaycanın Vətən müharibəsindən dərhal sonra bölgədə
sülh təşəbbüsü ilə çıxış etdiyini və bu xüsusda 8 avqust 2025-ci il
tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin
tarixi görüşünün əhəmiyyətini vurğulayaraq, birgə bəyannamənin
qəbul olduğunu, sülh müqaviləsi layihəsinin paraflandığını,
həmçinin 1 sentyabr tarixində keçmiş münaqişənin qalığı olan
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının ləğv edildiyini
qeyd edib.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş “27
sentyabr – Qələbənin İlk Günü” sənədli film nümayiş olunub.
Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə
də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak
ediblər.

