Asif Əsgərov: “ECA rəhbərliyi namizədliyimi irəli sürməyimi istədi” – YENİLƏNİB + FOTO

Dünya


“Avropa Klublar Birliyinin (ECA) ali rəhbərləri namizədliyimi irəli sürməyimi istədilər”.

Bunu “resmixeber.az”a açıqlamasında ECA-nın İcraiyyə Şurasına üzv seçilən “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib.

O, bir neçə ay ərzində seçkilərlə məşğul olduqlarını bildirib: “2017-ci ildən ECA-nın komitə üzvüyəm, iki il sonra isə sədr müavini oldum. Orada müxtəlif layihələr üzərində aktiv fəaliyyət göstərirdik. Belə məsləhət oldu ki, 2023-cü ildəki seçkilərdə namizəd olum. “Qarabağ” klubuna da dəstək olduqları üçün təşəkkür edirəm. Namizədliyimi verdim, bir az işlədik və bu gün yaxşı nəticə aldıq”.

Əsgərov UEFA reytinqində 29 – 55-ci pillələrdə qərarlaşan ölkə təmsilçilərinin ona səs vermək hüququnun olduğunu söyləyib: “Şurada fərqli 4 qrup var. Bu da klubların təmsil olunduqları ölkələrin reytinqə əsasən müəyyən edilir. Hər ölkənin bir klubu səsvermədə iştirak edirdi”.

O, son olaraq İcraiyyə Şurasına üzv seçilməsinin Azərbaycan klublarına müsbət təsiri barədə sualı cavablandırıb: “Hazırda bu barədə nəsə desəm, düzgün anlaşılmaya bilər. İndi cavablandırmasam, daha yaxşıdır. Amma əlbəttə ki, Avropada nə qədər çox olsaq və bir-birimizi dəstəkləsək, futbolumuz adına da yaxşı olacaq. ECA qitədə yeganə qurumdur ki, klubları birləşdirir, onların haqlarını və hüquqlarını təmsil edir. Bu, UEFA və FİFA tərəfindən tanınan yeganə təşkilatdır. Verilən bütün qərarlar isə UEFA tərəfindən qəbul edilir”.

17:08

Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib.

resmixeber.az xəbər verir ki, toplantıda qurumun İcraiyyə Komitəsinə 2023-27-ci illər üçün üzvlərin seçimi baş tutub.

“Qarabağ” klubunun baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti dörd ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, o, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.

Qeyd edək ki, Asif Əsgərov 2017-ci ildən Avropa Klublar Birliyinin işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

Xatırladaq ki, 2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurumun rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xəlaifidir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir