MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Xalq artisti Vidadi Həsənovla görüşüb.

Baş səhifə


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Xalq artisti, “M Teatr”ın rəhbəri, YUĞ Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Prezident təqaüdçüsü Vidadi Həsənovla görüşüb.

Millət vəkili tanınmış sənətçinin yaradıcılıq uğurları və yeni planları ilə tanış olub. Söhbət zamanı teatr, kino sahəsi üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Vidadi Həsənovun incəsənətimizə, özəlliklə teatra uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Komitə sədri Xalq artistinə xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Vidadi müəllim,
Sizi 65 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, iş avandlığı və yeni uğurlar diləyirəm!
Siz köklü mədəniyyət-sənət ənənələrinə malik Gəncə şəhərində doğulmusunuz. Doğma şəhərdəki 37 saylı orta məktəbdə (1965-1975) oxumuş, ali təhsilinizi isə Azərbaycan Dövlət İncəsənət İstitutunda (ADMİU) almışınız. 1979-1980-ci illərdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının, 1984-1986-cı illərdə, oxuduğunuz ali təhsil ocağının Tədris Teatrının, 1990-2021-ci illərdə isə “Yuğ” Dövlət Teatrının aktyoru olmusunuz. Son illər özününzün yaratdığınız, “Mənim teatrım – sənin teatrın” şüarlı “M Teatr”da çalışırsınız.
Siz uzun illər ADMİU-da müəllimlik etmisiniz, 2003-cü ildənsə “Aktyor sənəti” kafedrasının dosentisiniz.
2012-ci ildə Əməkdar artist, 2019-cu ildə isə Xalq artisti fəxri adına layiq görülmüsünüz. 2023-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüsünüz.
Siz Başqurdistanda keçirilmiş “Türk xalqlarının Teatr festivalında “Kişi rolunun ən yaxşı ifaçısı” (1986) mükafatına, Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibəti ilə Almatıda Tələbələrin I Beynəlxalq Teatr festivalında rəhbəri olduğu kursun tələbələri ilə “Qran-pri”yə (2011), III Van Gölü Beynəlxalq Film Festival-2015”də “Ən yaxşı ssenari müəllifi” mükafatına, Hindistanda keçirilmiş “L’Age d’Or International Art-house Film Festival”da “Ən yaxşı II plan aktyoru” mükafatına (2019), İsraildə keçirilmiş “Near Nazareth Festival 2019”-da “Ən yaxşı II plan aktyoru” mükafatına, “Old Monk International Film Festival-2020”-də “Ən yaxşı ssenari müəllifi” mükafatına, “İndus Valley İnternational Film Festival-2020”-də “Ən yaxşı ssenari müəllifi” mükafatına, “Cinephilia Motion Pictures Festival”da “Ən yaxşı ssenari müəllifi” mükafatına (2020) layiq görülmüsünüz.
Siz həmçinin bir sıra uğurlu tərcümənin və kitabların müəllifisiniz.

Sizi 65 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Yubilyar Xalq artisti görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir