Xaricdə peşə təhsili almış 115 nəfərdən cəmi 16 nəfər imtahanda uğur qazanıb – DİM

Baş səhifə

Bakı. Trend:

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması
üzrə imtahan keçirilib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 16 iyun 2026-cı il
tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici
dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə
imtahan keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 145 nəfərdən 30
nəfər imtahana gəlməyib. İmtahanda 16 nəfər müvəffəqiyyət əldə
edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün
ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik
olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.




Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim
olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar
düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba
görə ümumi baldan 0.25 bal çıxılır.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 17 – 18 iyun tarixlərində saat 14:00-dan 16:00-dək
DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev
küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında
diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.