
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Qrenlandiya üzrə
razılaşmanın imzalanması sentyabrın 22-də Nyu-Yorkda BMT Baş
Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək. Bu barədə
Ağ Evdəki mənbəyə istinadən Fox News telekanalı və Reuters
agentliyi də daxil olmaqla bir sıra Qərb KİV-ləri məlumat
yayıb.
“Prezident Tramp çərşənbə axşamı Nyu-Yorkda Danimarka və
Qrenlandiya rəhbərliyi ilə Qrenlandiyanın təhlükəsizliyinin təmin
edilməsinə dair sazişin imzalanması üzrə üçtərəfli mərasim
keçirəcək”, – Reuters-in məlumatında bildirilir.
Fox News isə mərasimdə Danimarkanın və Qrenlandiyanın baş
nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsenin də iştirak
edəcəyini dəqiqləşdirib. “Üç lider Qrenlandiya və ABŞ-ın
təhlükəsizliyini təmin edəcək yeni razılaşmalarına rəsmi status
verəcəklər”, – telekanala Ağ Ev nümayəndəsi bildirib.
Daha əvvəl Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın
təhlükəsizliyinin təmin edilməsinə nəzarətin Vaşinqtona verilməsi
ilə bağlı razılığa gəldiklərini açıqlamışdı. O, həmçinin bildirib
ki, ABŞ tərəfi Arktikadakı adada hərbi mövcudluğunu dərhal
artırmağa başlayacaq.
Bundan əvvəl Qrenlandiyanın muxtar ərazi kimi daxil olduğu
Danimarkanın hökumət başçısı Frederiksen ABŞ prezidentinin adaya
nəzarəti ələ keçirmək niyyətini qəti şəkildə rədd edib. Tramp
təhlükəsizliyin təmin edilməsi məqsədilə Qrenlandiyanın ABŞ-a
birləşdirilməsinin zəruri olduğunu dəfələrlə bəyan edib. O, hələ
ilk prezidentlik müddətində adanı satın almağı təklif etmiş,
2025-ci ilin martında isə Qrenlandiyanın ilhaq edilə biləcəyinə
əminliyini ifadə etmiş və imtina ediləcəyi təqdirdə Kopenhageni
ticarət tarifləri tətbiq etməklə hədələmişdi.
Üç tərəfin nümayəndələrinin iştirakı ilə Qrenlandiya üzrə işçi
qrup yanvar ayında adanın xarici işlər naziri Vivian Motzfeldtin və
Danimarkanın xarici işlər naziri Lökke Rasmussenin Vaşinqtona
səfərindən sonra yaradılıb.

