
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində sülh və
təhlükəsizlik məsələləri müzakirə olunub
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsi və FHN yanında İctimai Şura “Sülh Aylığı”
çərçivəsində birgə tədbir keçirib.
Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan edilmiş “Sülh Aylığı”
çərçivəsində təşkil olunub.
Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir
müavini İradə Kərimova, Hüquq şöbəsinin Hüquqi təhlil və təminat
sektorunun müdiri Elnar Məmmədov, FHN yanında İctimai şuranın sədri
Fuad Hacızadə və şura üzvləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 21 avqust – 21 sentyabr
tarixlərinin “Sülh Aylığı” elan olunduğu xatırlanaraq, bu kampaniya
çərçivəsində sülh və təhlükəsizlik mədəniyyətinin, qarşılıqlı
hörmət və həmrəylik dəyərlərinin təşviqinin mühüm əhəmiyyət
daşıdığı bildirilib. Qeyd edilib ki, sülh yalnız müharibə və
qarşıdurmanın olmaması deyil, insanların təhlükəsiz və ləyaqətli
həyat sürməsi, cəmiyyətin sabitlik və qarşılıqlı etimad şəraitində
inkişafı, gələcəyə inamın möhkəmlənməsi və quruculuq naminə bütün
potensialın səfərbər olunması üçün əsas şərtdir. Diqqətə çatdırılıb
ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti insanların həyat və
sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və
fövqəladə halların qarşısının alınması baxımından sülh və
əmin-amanlığın qorunmasına mühüm töhfə verir.
Tədbirdə, həmçinin sülhün, sabitliyin və əmin-amanlığın etibarlı
şəkildə təmin edilməsindən ötrü fövqəladə hallarla bağlı davranış
qaydaları üzrə maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb,
əhalinin sözügedən məsələ ilə bağlı mütəmadi və düzgün
məlumatlandırılmasına, təhlükəsizlik mədəniyyətinin
formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

