Süni intellekt təhsili daha inklüziv və əlçatan edə bilər – Sahibə Qafarova (FOTO)

Baş səhifə

Bakı. Trend:

Süni intellekt təhsili daha inklüziv və əlçatan edə bilər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, bunu sentyabrın 21-də Milli Məclisin sədri
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi
tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil
hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri”
mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxışı zamanı deyib.

Çıxışda spiker Sahibə Qafarova bildirib ki, süni intellekt və
təhsil məsələsi yalnız texnologiya ilə bağlı deyil, eyni zamanda
uşaqların gələcəyi və onlara təqdim ediləcək təhsilin keyfiyyəti
ilə əlaqəlidir.

Onun sözlərinə görə, texnologiya təhsili gücləndirə bilər, lakin
müəllimləri və insan münasibətlərini əvəz edə bilməz.

Qeyd olunub ki, süni intellekt təlim prosesini hər bir uşağın
ehtiyaclarına uyğunlaşdıra, əlilliyi olan uşaqların təhsil
imkanlarını genişləndirə və uzaq icmalara keyfiyyətli təhsil
resurslarının çatdırılmasına kömək edə bilər. Süni intellektin
müəllimlərə şagirdlərin təlimindəki boşluqları müəyyənləşdirməkdə
dəstək göstərə bilər.

Milli Məclisin sədri vurğulayıb ki, süni intellektin yaratdığı
imkanlar avtomatik olaraq hamı üçün əlçatan olmur. Ona çıxış
imkanlarının ailənin gəlirindən və yaşayış yerindən asılı olması
bərabərsizlikləri daha da dərinləşdirə bilər. Ona görə də,
parlamentin sədri bu sahədə məxfilik, alqoritmik qərəz, zərərli
məzmun və insan məsuliyyətinin qeyri-müəyyənliyi ilə bağlı
risklərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Spiker Sahibə Qafarova deyib ki, uşaq hüquqları təhsildə süni
intellektdən istifadənin əsas istiqamətləndirici prinsipi
olmalıdır. O qeyd edib ki, süni intellekt müəllimlərə kömək etməli,
onların peşəkar mühakiməsini əvəz etməməli, uşaqları isə sadəcə
məlumat toplusuna çevirməməlidir.

O, parlamentlərin bu sahədə mühüm rol oynadığını diqqətə
çatdırıb.

Parlamentin sədri Sahibə Qafarova PAİ-nin parlamentlərə
qanunvericilik təcrübəsi mübadiləsi aparmağa, paraktiki tövsiyələr
hazırlamağa, nəzarəti gücləndirməyə və təhsil işçiləri, texnologiya
şirkətləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və uşaqlarla
dialoqun təşviqinə kömək edə biləcəyini söyləyib.

Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova
bildirib ki, süni intellekt artıq sinif otaqlarına daxil olur və
əsas məsələ bu texnologiyadan istifadə edib-etməmək deyil, onun
necə ədalətli və uşaqların maraqlarına uyğun şəkildə tətbiq
olunmasıdır.

Əsas məqsəd süni intellektdən təhsili daha inklüziv, əlçatan və
keyfiyyətli etmək üçün istifadə olunması, eyni zamanda təhsilin
insan mərkəzli xarakterinin qorunmasıdır. O qeyd edib ki, heç bir
uşaq coğrafi mövqeyinə, ailəsinin gəlirinə, əlilliyinə və ya
rəqəmsal imkanlarının məhdudluğuna görə geridə qalmamalıdır.