Xalq artisti Alim Qasımovun Üzeyir Mehdizadə ilə duet oxuması son günlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu, böyük xanəndənin ilk dueti deyil. Alim Qasımov bundan öncələr də musiqi dünyasının müxtəlif nümayəndələri ilə duetlər oxuyub. Maraqlıdır ki, əvvəlki duetlər də müzakirələr, hətta qalmaqallar yaratmışdı.
Modern.az xəbər verir ki, Alim Qasımov muğamı heç vaxt yalnız ənənəvi çərçivədə saxlamağa çalışmayıb. Müxtəlif illərdə estrada, rok, elektron musiqi, rep və dünya musiqisinin tanınmış simaları ilə əməkdaşlıq edib.
Xalq artisləri Əlibaba Məmmədov, Habil Əliyev və digələri vaxtilə Alim Qasomovu muğamı başqa musiqilərə calaşdırdığına görə sərt tənqid etmişdilər…
Alim Qasımovun estrada ilə ən məşhur duetlərindən biri Əməkdar artist Almaz Ələsgərova ilə “Səni axtara-axtara” mahnısıdır. Mahnı 1987-ci ildə yazılıb. Musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Qəniyevə məxsus olan əsər həmin dövr üçün kifayət qədər qeyri-adi layihə idi. O vaxt nə Alim Qasımov, nə də Almaz Ələsgərova indiki qədər məşhur idi. Lakin mahnıdan sonra onları xüsusilə gənclər daha çox tanımağa başladı.
İllər sonra Alim Qasımov həmin duet haqqında danışarkən maraqlı etiraf etmişdi. Onun sözlərinə təklif bəstəkar Vaqif Gərayzadədən gəlib və əvvəlcə “mən oxuya bilmərəm” deyib. Amma mahnı alınıb. Xanəndə bu addımdan peşman olmadığını, əksinə, həmin ifa ilə muğamın gənclərə yeni formada təqdim edildiyini bildirib.
Alim Qasımovun musiqi sərhədlərini aşmasının ən məşhur beynəlxalq nümunələrindən biri isə amerikalı rok müğənnisi Jeff Buckley ilə əməkdaşlıqdır. 1995-ci ilin iyulunda Fransada keçirilən festival çərçivəsində onların birgə ifası baş tutub.
Bu, Alim Qasımovun artıq beynəlxalq səhnədə muğamı rok musiqisinin tanınmış nümayəndəsi ilə eyni məkanda birləşdirdiyi dövr idi.

1990-cı illərin sonundan isə Alim Qasımovun ən mühüm duet tərəfdaşı qızı Fərqanə Qasımova oldu.
2008-ci ildə Londonda Alim və Fərqanə Qasımovlar Kronos Quartet ilə birlikdə çıxış ediblər. Söhbət Azərbaycan musiqisi ilə Qərbin simli kvartet musiqisinin sintezindən gedir.
2010-cu ildə Alim Qasımovdn növbəti gözlənilməz addım gəldi. Fransız DJ David Vendetta ilə əməkdaşlıq nəticəsində Alim Qasımovun səsi “I’m Your Goddess” mahnısında istifadə edildi. Mahnıda britaniyalı müğənni Tara McDonald da iştirak edirdi. Layihə Vendettanın albomuna daxil edildi. Beləliklə, muğam xanəndəsinin səsi elektron rəqs musiqisinin içində səslənirdi.
2014-cü ildə Alim Qasımov bu dəfə gənc rep ifaçıları PRoMete və Sailor ilə “Var gücünlə vur” mahnısını təqdim etdi.
Bu əməkdaşlıq da o dövrdə diqqət çəkmişdi. Qasımov özü isə sonralar rep ifaçıları ilə duet oxumasını təsadüfi saymadığını bildirirdi. Onun fikrincə, sənətə zərər vermirsə və ifaçının mənəviyyatı təmizdirsə, janr fərqinə görə əməkdaşlıqdan imtina etmək lazım deyil.
Daha bir fərqli istiqamət Polşanın Voo Voo qrupu ilə əməkdaşlıq oldu. 2015-ci ildə Alim və Fərqanə Qasımovlar qrupun “Dobry wieczór” albomundakı “Gdybym” mahnısında iştirak etdilər. Bu, Qasımovların Azərbaycan muğamını Polşa rok musiqisi ilə birləşdirən maraqlı layihələrindən biri idi.
2018-ci ildə isə Alim Qasımovun səsi bu dəfə DJ Vugarixxin elektron musiqisində eşidildi. “Yol” adlı mahnı muğam vokalını müasir elektron səslənmə ilə birləşdirirdi.
2019-cu ildə fransız tubist və bəstəkar Michel Godard ilə əməkdaşlıq da Alim Qasımovun musiqi axtarışlarının başqa istiqamətidir. Həmin il onların birgə “Awakening” albomu işıq üzü gördü. Albomda Alim Qasımovun səsi və Godardın improvizasiya əsaslı musiqisi bir araya gəlirdi.
2020-ci ildə isə Alim Qasımov daha bir çoxsaylı musiqi layihəsində yer aldı.
Xəyyam Nisanov, Alim Qasımov, Jah Khalib və Natiq Ritm Qrupunun birgə “Qələbə” layihəsi təqdim olundu. Müxtəlif musiqi üslublarının bir araya gətirildiyi mahnıda Alim Qasımovun muğam ifası da yer aldı.
Bu artıq bir daha göstərirdi ki, Alim Qasımov üçün janr sərhədi əməkdaşlığa maneə deyil.

Nəhayət, 2026-cı ilin sentyabrında Alim Qasımovla Üzeyir Mehdizadənin “Nəyindən narahatsan?” mahnısı təqdim edildi.
Mahnının sözləri, musiqisi və aranjimanı Üzeyir Mehdizadəyə, klipin rejissorluğu da ona məxsusdur.
Bu dəfə isə əvvəlki layihələrdən fərqli olaraq müzakirə əsasən musiqi sərhədlərindən deyil, Alim Qasımov kimi muğam məktəbinin böyük nümayəndəsinin Üzeyir Mehdizadə ilə eyni mahnıda görünməsindən qaynaqlandı.
Alim Qasımov özü isə seçimin səbəbini sadə izah edib: Üzeyir onu dəvət edib, mahnını dinləyib və söz-musiqisini bəyəndiyi üçün duet oxumağa razılaşıb. Dinləyicilərin necə qarşılayacağı barədə isə “zövq məsələsidir” deyərək müxtəlif reaksiyaların normal olduğunu bildirib.
Alim Qasımovun “qəribə duetləri” əslində heç də yeni deyil
Alim Qasımovun 35 ildən artıq yaradıcılıq yoluna baxanda maraqlı mənzərə yaranır.
Janrlar dəyişib, tərəfdaşlar dəyişib, musiqi zövqləri dəyişib. Amma bir şey dəyişməyib: Alim Qasımov yeni musiqi axtarışından çəkinməyib.
A.Qorxmaz

