
Bakı. Trend:
Mədə-bağırsaq sistemi ilə bağlı ən çox rast gəlinən
şikayətlərdən biri köp (meteorizm) problemidir. Bir çox hallarda
sadə qidalanma vərdişlərindən qaynaqlansa da, bəzən daha ciddi
xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər.
Trend mövzu
ilə bağlı Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin
qastroenteroloqu Saniyə Şahverənova ilə müsahibəni təqdim edir.
– Köp nədir və necə əmələ gəlir?
– Köp insanın mədə bağırsaq sistemində artıq miqdarda qazların
toplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxt
karbohidratların, daha az hallarda isə yağların, zülalların düzgün
parçalanmaması və yoğun bağırsağın bakteriyalarının fəailiyyətinin
nəticəsi olur. Tərkibi və yaranma mexanizmindən asılı olaraq
nitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və digər ola
bilər. Daha pis qoxu tərkibində hidrogen sulfidin olmasına dəlalət
edir, az hallarda isə metanetriol və dimetilsulfidə rast
gəlinir.
– Normada insanın mədə-bağırsaq sistemində qaz olurmu və köp
özünü hansı şikayətlərlə göstərir?
– Normada insanın bağırsağında 200 ml-dək qaz olur və gündəlik
14-25 dəfə ümumi 600-700 ml həcmində qazın xaric olması norma
variantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonra
hərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davam
edir. Gəyirmə, köp, şişkinlik, qazın çox xaric olması və bəzi
hallarda qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə,
iştahasızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərin
olması və qəbizlik. Bu simptomlar xəstələrdə qazın çox əmələ
gəlməsi, bağırsağın hərəki funksiyasının dəyişməsi nəticəsində
qazın tranzitinin pozulması və ya xəstənin normal qaz miqdarına
olan aşırı həssas hissiyyatı nəticəsində əmələ gəlir. Qazın çox
əmələ gəlməsinin əsas səbəbləri isə ilk növbədə sorula bilməyən
karbohidratlardır. Yoğun bağırsağa çatdıqda bakteriyalar üçün qida
rolunu oynayır, bu proses isə çoxlu miqdarda qaz istehsalı ilə
nəticələnir. Karbohidratlar sorulmamasının əsas səbəbləri kimi
nazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığını,
tam sorulmamış karbohidratların transportunun pozulmağını, selikli
qişanın orqanik dəyişikliyini göstərə bilərik.
– Ferment çatışmazlıqları haqqında nə deyə bilərsiniz?
– Ən çox rast gəlinən laktaza çatışmazlığıdır. Süd məhsulları
qəbul etdikdə ağır hallarda ishalla birgə rast gəlsə də, yüngül
dərəcədə, çox miqdarda qəbul etdikdə təkcə köplə müşayiət olunur.
Digər ferment defisitlərindən sadə şəkərlərin sorulmasında iştirak
edən bir çox fermentləri göstərmək olar. Meyvə suları, meyvələr,
pəhriz qidalarında dadlandırıcı kimi istifadə olunan sorbitol,
şokolad (sukraza-izomaltaza defisiti) həzmdə çətinlik törətdiyi
üçün köpə gətirib çıxara bilir. Mürəkkəb karbohidratlar və bitki
lifləri də qaz ifrazını artıra bilər. Bu siyahıda paxlalı, dənli
bitkilər (buğda, yulaf və digər), kartof, qarğıdalı, düyü, bir çox
tərəvəzləri göstərmək olar.
– SİBO nədir?
– Bildiyimiz kimi, nazik bağırsaq və mədə yoğun bağırsağa
nisbətdə steril hesab olunur, hər hansi obstruktiv xəstəliklər
zamanı kron, radiasion enteritlər, törəmələr, digər hallar və ya
durğunluğa səbəb ola biləcək vəziyyətlərdə normada mövcud olan
bakteriyaların sayı artır. Əlavə olaraq, koprofagiya, koloenterik
fistula zamanı da yoğun bağırsaq bakteriyalarının nazik bağırsağın
mühitini pozmasını göstərmək olar. Bəzi mənbələrə görə, bu vəziyyət
uzunmüddətli turşuluq azaldan preparatların qəbulu zamanı da baş
verə bilər. Eyni zamanda, bu sindroma daha yüngül hesab etdiyimiz
bağırsağın hərəki funksiyasının pozulması ilə müşayiət olunan
funksional xəstəliklər də gətirib çıxara bilər. Bu zaman da,
bağırsağın həzm olunmayan artıq qidalardan təmizlənməsi prosesi
ləngidiyinə görə nəticə olaraq yenə də bakteriyaların sayı artır və
özünü diskomfort, köp, ürəkbulanma, ağır hallarda ishal,
malabsorbsiya və çəki azalması ilə göstərə bilər. Yaşlı və orqanik
xəstəliyi olmayan insanlarda da köpün bu mexanizmlə yarandığı
düşünülməkdədir.
– Həzm sistemində qazın hərəkətinin ləngiməsinə görə köp
hissinin əmələ gəlməsi hansı xəstəliklərdə özünü büruzə verir?
– Hərəki funsiyasının pozulması ilə gedən hər hansı bir xəstəlik
– qastroparez, fundoplikasiyadan sonrakı və bir çox postoperativ
vəziyyət, nazik bağırsağın psevdoobstruksiyası, kəskin ileus,
xroniki qəbizlik köpə gətirib çıxara bilər. Qastroparez və
psevdoobstruksiya bir çox tanıdığımız xəstəliklərdə müşahidə oluna
bilər, o cümlədən şəkərli diabet, sklerodermiya, amiloidoz, genetik
xəstəliklər, paraneoplastik sindrom və digər endokrinoloji
xəstəliklər. Kəskin ileus isə metabolik pozuntular, kardiovaskulyar
xəstəliklər, sistem xəstəliklərdə rast gəlinir. Köpdən danışılırsa
bağırsaqların qıcıqlanma sindromunu unutmaq olmaz. Həm bağırsaqda
qazın tranziti, hərəkətlilik dəyişir, həm də xəstənin bəzən normal
miqdarda qaza belə aşırı həssaslığı, ağrı, köp hissi yaranır. Digər
səbəblər, misal üçün hipotireoidizm, miokardın aşağı divarının
infarktı və bir çox preparatlar bağırsağın hərəki funksiyasına
təsir edərək köp şikayəti yarada bilər.
– Aerofagiya nədir ?
– Aerofagiya normadan artıq havanı udmaqla başlayır. Saqqız
çeynəmək, siqaret çəkmə kimi adi vərdişlər belə səbəb ola bilir.
Psixoloji xüsusi durumlar – depressiya, hiperventilyasion sindrom,
yuxu apneası olan adamların yuxu zamanı ağızla havanı çox udması da
təkan verə bilir. Eyni zamanda, larinqoektomiyadan sonra və digər
xroniki ciddi səbəblərdən də qaynaqlana bilər. Özünü köp hissindən
əlavə gəyirmə ilə göstərir. Döş qəfəsində olan mənfi təzyiq udulan
havanı yenidən qida borusuna doğru itələyir, oradan da ağız
vasitəsilə hava xaric olur.
– Diaqnoz qoyulduqdan sonra müalicə taktikası necə olur?
– İlk növbədə hərtərəfli anamnez toplayırıq, hər xırdalıq
vacibdir, nədən sonra başladığı, yanaşı hansı şikayətlərinin
olması, psixoloji vəziyyəti, yuxu və oyaq vəziyyətdə simptomların
olması və ya itməsi, defekasiyadan sonra itməsi və ya qalması,
hansı dərmanları qəbul etməsi və bir çox detallar. Əsas işimiz
orqanik ciddi səbəbləri istisna etməkdir. Baxış keçirdirik,
xəstənin dərisinə, oynaqlarına, çəkisinə diqqət yetiririk.
Laborator müayinələr edirik. Ümumi qan, sidik, nəcis analizləri,
elektrolitlər, şəkər, albumin, ümumi zülal, koaluqramma, böyrək,
qaraciyər sınaqlarına, bəzən də kortizola, seroloji markerlərə
diqqət yetiririk. Ehtiyac olduqda diaqnostika üçün rentgen,
qastroskopiya, kolonoskopiya, mədə-bağırsaq manometriası və
ssintiqrafiya, nəfəs testləri tətbiq oluna bilər. Orqanik bir səbəb
varsa mütləq spesifik müalicə aparılır, bəzən cərrahi müdaxilə belə
oluna bilər. Digər vəziyyətlərdə fərdi yanaşma tətbiq edilərək
pəhriz, bəzi vərdişlərdə dəyişiklik, medikamentoz terapiya
aparılır. Funksional xəstəliklərdə psixoterapiya da yaxşı effekt
verir.
Profilaktika və reabilitasiyaya gəldikdə isə ilk növbədə sağlam
həyat tərzi, düzgün qidalanma, vaxtında diaqnostika və müalicə
tədbiləri tövsiyədir. Reabilitasiya üçün isə sanator-kurort
müalicəsi məsləhət görülür.

