
Bakı. Trend:
Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq
İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində
deyib.
Baş prokuror yeni növ cinayətlərdən də danışıb:
“Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet
üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya
texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər
nəzərdə tutulur”, – Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, cinayətkarlar yeni informasiya
texnologiyalarının, o cümlədən süni intellektin imkanlarından
istifadə edirlər.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli
kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin
maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə
kimi əməlləri əhatə edir”, – o deyib.
Baş prokurorun sözlərinə görə, hazırda törədilən bütün
cinayətlərin təxminən 40–50 faizi yeni informasiya
texnologiyalarından istifadə edilməklə törədilir. O, bunun
prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının həmin
sahədə bilik və bacarıqlarını təkmilləşdirməsini zəruri etdiyini
vurğulayıb.

