
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev və Litvanın Azərbaycandakı səfiri Kestutis
Vaşkeleviçius regional təhlükəsizlik, ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi, eləcə də Azərbaycan ilə Avropa İttifaqı
arasında münasibətləri müzakirə ediblər.
Litvanın Azərbaycandakı səfirliyinin “Facebook”
səhifəsində yayılan məlumata görə, tərəflər Litva ilə Azərbaycan
arasında münasibətlərin möhkəmləndirilməsi perspektivlərini,
həmçinin Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Aİ ilə
Azərbaycan arasında münasibətləri müzakirə ediblər.
“Dəyişən geosiyasi və təhlükəsizlik mənzərəsində
azadlığa dəyər verən ölkələrin daha fəal şəkildə fikir mübadiləsi
aparması, bir-birini anlaması və dəstəkləməsi vacibdir”, – Litvanın
səfiri görüşdən sonra qeyd edib.
Azərbaycan ilə Litva arasında diplomatik münasibətlər
1995-ci ildə qurulub. İki ölkə enerji, nəqliyyat və logistika (Orta
Dəhliz də daxil olmaqla), ticarət, rəqəmsallaşma və təhsil
sahələrində əməkdaşlığı inkişaf etdirir. 2026-cı ilin aprelində
Litvanın Baş naziri İnqa Ruginyene Bakıya səfər edib və burada
tərəflər ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi yollarını
müzakirə ediblər. Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına
sədrlik etməyə hazırlaşır və bu dövrdən Avropa İttifaqı ilə
Azərbaycan arasında dialoqun inkişaf etdirilməsi üçün istifadə
etmək niyyətindədir.

