
Bakı. Trend:
Azərbaycanda UnionPay ödəniş kartları ilə
əməliyyatların həcmi 200 min manatı ötüb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi
statistik bülletenə əsasən, cari ilin avqust ayının sonuna
Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış
UnionPay kartları (statistik vahidlərin ödəniş kartları da daxil
olmaqla) vasitəsilə ümumi məbləği 200 min manatdan çox olan 2,2 min
əməliyyat həyata keçirilib.
Bundan əlavə, AMB-nin məlumatları göstərir ki, ötən
ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 1,8 mindən çox
və ya 5,5 dəfə, həcmi isə 150 min manatdan çox və ya 4 dəfə
artıb.
AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə
təşkilatları tərəfindən buraxılmış UnionPay kartları üzrə
əməliyyatların sayı 3,1 min, əməliyyatların həcmi isə 300 min
manatdan çox olub.
Bankın məlumatına əsasən, ötən ilin avqust ayı ilə
müqayisədə qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış UnionPay kartları üzrə əməliyyatların sayı 1,3 mindən
çox və ya 72,2 faiz artıb, əməliyyatların həcmi isə dəyişməyib.
Qeyd edək ki, rezident maliyyə institutları
tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və
sayı ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli
banklar və ya maliyyə təşkilatları) tərəfindən buraxılmış ödəniş
kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcminə və
sayına aiddir.
Qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı
xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları
tərəfindən verilmiş ödəniş kartlarından istifadə edilməklə
Azərbaycanda həyata keçirilən əməliyyatların sayını və ümumi
həcmini (məbləğini) əks etdirir.

