“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın müdafiə qüdrətinin formalaşması və davamlı şəkildə
gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət
siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsas
məqsədlərindən biri güclü, müasir və yüksək texnologiyalara
əsaslanan ordu yaratmaqla yanaşı, onun silah və hərbi texnika ilə
təminatında milli imkanları genişləndirmək, müdafiə sənayesini
formalaşdırmaq və ölkənin xarici asılılığını minimuma endirmək
olub.

Sentyabrın 30-da Prezident İlham Əliyev və Birinci xanım
Mehriban Əliyevanın Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026”
6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian”
15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə
Avadanlıqları Sərgisi ilə tanışlığı bu siyasətin nəticələrinin
növbəti dəfə nümayişi baxımından mühüm hadisədir.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, regionun ən böyük ixtisaslaşmış müdafiə
sərgilərindən birinə çevrilən “ADEX” Azərbaycanın hərbi sənaye
potensialının təqdim olunduğu məkan olmaqla yanaşı, beynəlxalq
hərbi-texniki əməkdaşlığın mühüm platformasıdır:

“Müxtəlif ölkələrdən şirkətlərin, hərbi nümayəndə heyətlərinin
və müdafiə sənayesi üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsi
Azərbaycanın bu sahədə qazandığı mövqeyin göstəricisidir. Bu gün
“ADEX”in əhəmiyyəti nümayiş etdirilən silah və hərbi texnikanın
çeşidi ilə məhdudlaşmır. Sərgi yeni əməkdaşlıqların qurulmasına,
təcrübə mübadiləsinə, müasir texnologiyaların öyrənilməsinə, birgə
layihələrin müzakirəsinə və Azərbaycan müdafiə sənayesi
məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır.
Başqa sözlə, “ADEX” artıq Azərbaycanın müdafiə sənayesinin
beynəlxalq təqdimat platformasına, ölkəmizin hərbi-texniki
əməkdaşlıq sahəsində formalaşdırdığı milli brendə çevrilib. Bu
nəticələrin arxasında isə illər əvvəl müəyyənləşdirilmiş uzaqgörən
dövlət siyasəti dayanır”.

Vaxtında qəbul edilmiş strateji qərar

Deputat bildirib ki, bu gün Azərbaycanın müdafiə sənayesindən
danışarkən ilk növbədə, Prezident İlham Əliyevin uzaqgörən
siyasətini qeyd etmək lazımdır:

“2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında
qərar ölkənin hərbi potensialının gələcək inkişafına hesablanmış
mühüm strateji addım idi. Həmin dövrdə Azərbaycanın müdafiə
sənayesi imkanları indiki səviyyədən olduqca uzaq idi. Lakin
Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd aydın idi.
Azərbaycan öz ordusunun silah və texnika təminatında yalnız xarici
mənbələrdən asılı qalmamalı, milli istehsal imkanlarını yaratmalı
və zaman keçdikcə öz hərbi sənayesini inkişaf etdirməli idi. Bu,
adi bir sənaye layihəsi deyildi. Bu, dövlətin təhlükəsizliyi,
ordunun döyüş qabiliyyəti və milli suverenliyi ilə birbaşa bağlı
strateji seçim idi. Bu gün həmin qərarın nəticələri göz önündədir.
Həmin prosesin başlaması nəticəsində artıq Azərbaycanda 1000-dən
çox adda müdafiə təyinatlı məhsul istehsal olunur. Müxtəlif növ
atıcı silahlar, sursatlar, zirehli texnika, pilotsuz uçuş
aparatları, kamikadze dronlar, robot sistemləri, dəniz sistemləri
və digər müdafiə məhsulları artıq milli istehsalın imkanlarını
nümayiş etdirir”.

Tarixi Zəfərin arxasında dayanan imkanlar

S.Salmanova qeyd edib ki, Azərbaycanın müdafiə sənayesinin
inkişafında 44 günlük Vətən müharibəsi ayrıca mərhələ təşkil
edir:

“Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi tarixi Zəfər
xalqımızın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfərin
əsasını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
formalaşdırılmış güclü ordu, yüksək döyüş hazırlığı, hərbi
qulluqçularımızın qəhrəmanlığı və peşəkarlığı təşkil edirdi.
Bununla yanaşı, müasir silah və texnologiyaların, o cümlədən yerli
müdafiə sənayesinin imkanlarının tətbiqi də mühüm rol oynadı. Yerli
istehsal olan silah-sursat, pilotsuz uçuş aparatları və digər hərbi
təyinatlı vasitələrin real döyüş şəraitində tətbiqi milli müdafiə
sənayesinin qarşısında yeni imkanlar açdı. Müharibə həm də istehsal
olunan məhsulların sınaqdan keçirilməsi, onların təkmilləşdirilməsi
və yeni texnoloji həllərin hazırlanması baxımından mühüm təcrübə
yaratdı. Ən başlıcası isə Azərbaycanın hərbi gücünün yalnız alınmış
silahlarla deyil, özünün yaratdığı istehsal və texnoloji imkanlarla
da möhkəmləndirildiyi ortaya çıxdı. Bu gün Qarabağ və Şərqi
Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri kimi, müdafiə
sənayesinin inkişafı da Azərbaycanın öz gücünə arxalanaraq
gələcəyini qurmasının göstəricisidir”.

“Made in Azerbaijan” müdafiə sənayesində

Deputat bildirib ki, müdafiə sənayesinin inkişafı artıq yalnız
daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır:

“Azərbaycan öz məhsullarını xarici bazarlara çıxarır,
hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir. Bu baxımdan
“Made in Azerbaijan” brendinin müdafiə sənayesində də formalaşması
mühüm hadisədir. Müxtəlif növ müdafiə məhsullarının 30-dan çox
ölkəyə ixrac edilməsi ölkəmizin bu sahədə istehsal imkanlarının və
beynəlxalq əməkdaşlıq potensialının göstəricisidir. 2023-cü ildə
“Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması isə müdafiə
sənayesinin qarşısında yeni imkanlar açdı. İstehsal imkanlarının
daha çevik idarə olunması, müəssisələr arasında əlaqələndirmənin
gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və
ixrac potensialının artırılması bu mərhələnin əsas
istiqamətlərindəndir”.

S. Salmanova bildirib ki, hazırda Azərbaycanın qarşısında duran
vəzifə bu inkişaf dinamikasını qorumaq, milli texnoloji imkanları
daha da genişləndirmək və müdafiə sənayesini yeni mərhələyə
yüksəltməkdir:

“İyirmi il əvvəl müdafiə sənayesinin yaradılması istiqamətində
atılan addımlar bu gün Azərbaycanın hərbi gücünün mühüm
dayaqlarından birinə çevrilib. “ADEX 2026” isə həmin siyasətin
nəticələrini yalnız ölkə ictimaiyyətinə deyil, dünyanın müdafiə
sənayesi ictimaiyyətinə də nümayiş etdirir. Prezident İlham
Əliyevin illər əvvəl müəyyənləşdirdiyi strateji xəttin bu gün real
nəticələrə çevrilməsi Azərbaycanın müdafiə sənayesində əldə etdiyi
nailiyyətlərin əsas mahiyyətini təşkil edir”.