
Bakı. Trend:
Azərbaycanın parlaq hərbi zəfəri ilə başa çatan 44
günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür. 2020-ci il
sentyabrın 27-də başlayan və torpaqlarımızın işğaldan azad edilməsi
ilə nəticələnən bu savaşda xalqımızın dövlətçilik tarixinin ən
şərəfli səhifələrindən biri yazıldı. Vətən müharibəsi Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və
məqsədyönlü siyasətinin, Silahlı Qüvvələrimizin yüksək döyüş
qabiliyyətinin, xalqımızın milli həmrəyliyinin və gənc nəslin
sarsılmaz vətənpərvərlik ruhunun təntənəsinə çevrildi.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalsa da,
beynəlxalq ictimaiyyət, əsasən də vasitəçilər ədaləti təmin
etməkdən uzaq oldular.
Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Qarabağ bütün
dünyada respublikamızın ərazisi kimi tanınsa da, BMT Təhlükəsizlik
Şurası tərəfindən 1993-cü ildə Ermənistanın hərbi birləşmələrinin
işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını
tələb edən 4 qətnamə qəbul olunsa da, ATƏT-in Minsk qrupu problemin
həlli istiqamətində irəliyə doğru bir addım belə atmadı. 44 günlük
Vətən müharibəsindən sonra isə tam şəkildə aydın oldu ki,
vasitəçilər problemin həllindən yayınmaqla, əslində, Azərbaycan
ərazilərində ikinci erməni dövləti yaradılması kimi bir məkrli
ideyaya dəstək veriblər. Fikirləşiblər ki, zaman ötdükcə, nəsillər
dəyişdikcə Azərbaycan dövləti və xalqı bununla razılaşacaq. BMT isə
işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və
sadəcə tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi.
Lakin Azərbaycan xalqı torpaqlarının işğal olunması ilə
razılaşmadı və razılaşa da bilməzdi. 2016-cı ilin Aprel və 2020-ci
ilin iyul ayında baş verən Tovuz döyüşləri də bunu təsdiq edirdi.
Cənab Prezident İlham Əliyev problemin həlli ilə bağlı diplomatik
cəbhədə qətiyyətlə mübarizə aparmaqla, bütün siyasi platformalarda
Ermənistanın işğalçı siyasətini ifşa etməklə bərabər, ordumuzun
döyüş qabiliyyətinin artırılmasını diqqət mərkəzində saxlayırdı.
Buna görə hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq
işğaldan azad olunacaq. 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələrinin başlatdığı “Dəmir yumruq” əməliyyatı bu
əminliyi reallığa çevirdi və 30 ilə yaxın işğal altında qalan
torpaqlarımız cəmi 44 günə azad edildi.
Silahlı Qüvvələrimizin Prezident İlham Əliyevin Ali Baş
Komandanlığı ilə 6 il əvvəl başlatdığı uğurlu əks-hücum əməliyyatı
nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad olundu. Bir-birinin ardınca Cəbrayılın, Hadrutun, Füzulinin,
Zəngilanın, Qubadlının azad edilməsi ilə hərbçilərimiz zəfər
dastanları yazdılar. 2020-ci il noyabrın 8-də Qarabağın mirvarisi
Şuşanın azad edilməsi isə Azərbaycanın Vətən müharibəsindəki ən
böyük hərbi uğuru oldu. Unikal, dərsliklərə düşən və bütün dünyada
böyük maraqla qarşılanan Şuşanın azad edilməsi əməliyyatı bir daha
Silahlı Qüvvələrimizin yenilməz gücə malik olmasının,
hərbçilərimizin peşəkarlığının və vətənpərvərliyinin təntənəsinə
çevrildi. Yalnız bundan sonra məğlubiyyətini qəbul edən və
Azərbaycanın şərtləri ilə razılaşan Ermənistan rəhbərliyi
kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hərbi
qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük
Vətən müharibəsindən sonra 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın
25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.
2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri
nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq,
Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması
prosesi yekunlaşdı.
Vətən müharibəsi əsgər və zabitlərimizin cəsarətinin,
qorxmazlığının və vətənpərvərliyinin möhtəşəm təcəssümü oldu. Onlar
döyüş meydanında təkcə silahla deyil, böyük inam, sarsılmaz iradə
və Vətən sevgisi ilə mübarizə apardılar, qəhrəmancasına döyüşərək,
addım-addım Zəfərə doğru irəlilədilər. Bütün dünyaya göstərdilər
ki, Vətən sevgisi ilə silahlanan ordunu heç bir maneə dayandıra
bilməz.
Lakin müharibə qansız-qadasız ötüşmür və torpaqlarımızın
azadlığı uğrunda 44 günlük mübarizədə xalqımız şəhidlər verdi.
Müqəddəs Qarabağ torpaqları şəhidlərin qanı ilə hər birimiz üçün
daha da müqəddəsləşdi. Vətən müharibəsində 2908 nəfər hərbçimiz
şəhid oldu, mindən çox döyüşçümüz yaralandı, 6 nəfər itkin
düşdü.
Artıq torpaqlarımız azaddır. 2023-cü ildə isə Qarabağdakı erməni
separatizminə son qoyulması ilə ərazi bütövlüyümüz bərpa olundu.
Həm 44 günlük müharibədə, həm də antiterror tədbirlərində düşmən
döyüş meydanında cəzalandırıldı. Və qazanılan hər bir qələbə ilə
bütün şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı…
Şəhidlər bizim qürur mənbəyimizdir. Xalqımız hər zaman şəhidləri
uca tutur, onların əziz xatirəsini ehtiramla yad edir. Prezident
İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən
müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq,
sentyabrın 27-si respublikamızda Anım Günü kimi qeyd edilir.
Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da
ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur.
“Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini
yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz
Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz
şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr
edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin
qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma
torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü
bərpa etdik” – deyə Prezident İlham Əliyev bildirib.
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda
döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən
mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram
əlaməti olaraq, 2021-ci il sentyabrın 27-də Bakıda Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı
ilə yürüşün keçirilməsi, 44 günlük savaşda ilk şəhidlərimizin
olduğu Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr
olunmuş abidənin ucaldılması, Bakıda Zəfər parkının və Zəfər
muzeyinin yaradılması, habelə Xankəndidə Zəfər parkının salınması
şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın nümunələridir.
Onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev
şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin
müalicəsini və sağlamlıqlarının bərpasını xüsusi diqqət mərkəzində
saxlayır.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin
şanlı səhifəsidir. Bu Qələbə işğal altındakı torpaqlarımızın azad
edilməsi ilə yanaşı, həm də Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun gücünün, xalqımızın
vətənpərvərliyinin və milli birliyinin dünyaya nümayişidir.
Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə yazılan bu Zəfər
hər zaman qürur mənbəyimiz olacaq, dövlətimizin və xalqımızın
gələcəyinə işıq salacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

