
Bakı.Trend:
“Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkəti milliləşdirmə
prosesi başa çatdıqdan sonra konsessiya əsasında idarəetməyə
veriləcək.
Ermənistan KİV-in məlumatına görə, bunu Ermənistanın Baş naziri
Nikol Paşinyan hökumətin iclasında bildirib.
“EEŞ məsələsi ilə bağlı konseptual qərarımız belədir: şirkət
dövlət mülkiyyətində olacaq və idarə olunması lisenziyalı şirkətə
həvalə ediləcək. Bu məsələ aydındır”, – deyə o qeyd edib.
Hazırda milliləşdirmə prosesində olan digər obyektlərə toxunan
erməni baş nazir dövlətin istehsal müəssisələrini öz mülkiyyətində
saxlamasına ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, 18 iyun 2025-ci il tarixində ölkədə elektrik
enerjisinin ötürülməsi və paylanmasını təmin edən, tərkibinə “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin də daxil olduğu “Taşir”
Şirkətlər Qrupunun təsisçisi və prezidenti Samvel Karapetyan
hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etməkdə
ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O,
əvvəlcə iki aylıq həbs edilib, daha sonra həbs qətimkan tədbirinin
müddəti bir neçə dəfə uzadılıb. 18 yanvar tarixində isə ev
dustaqlığına buraxılıb.

