Bakı. Trend:
Böyük Britaniyanın London şəhəri yaxınlığında, Surrey
qraflığında yerləşən Eqhem dəmiryol stansiyasında üç tələbə bıçaqlı
hücuma məruz qalıb.
Trend xəbər verir
ki, bu barədə Britaniya nəqliyyat polisi məlumat yayıb.
Bildirilib ki, insident fevralın 6-sı axşam saatlarında baş
verib. Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb,
22 yaşlı şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanaya
yerləşdirilib. Həkimlərin sözlərinə görə, zərərçəkənlərin həyati
təhlükəsi yoxdur.
Məlumata əsasən, xəsarət alanların hamısı paytaxt Londonda
yerləşən “Royal Holloway” Universitetinin tələbələridir.
Hadisədə şübhəli bilinən təxminən 30 yaşlı kişi ağır bədən
xəsarəti yetirmək ittihamı ilə saxlanılıb. Hücumun motivləri
hələlik açıqlanmayıb.
Polis insidenti bir-birini tanımayan iki qrup arasında baş
vermiş “ciddi, lakin təcrid olunmuş hadisə” kimi qiymətləndirib.
Hücumla əlaqəli daha iki nəfərin hadisə yerindən qaçdığı, onların
axtarışlarının davam etdiyi bildirilir.

