
Bakı. Trend:
İraqın dövlət neft şirkəti SOMO noyabr ayında “Lukoyl”a məxsus
üç xam neft partiyasının göndərilməsini ləğv edib.
Trend xəbər verir ki, bu
qərar ABŞ-nin “Lukoyl” da daxil olmaqla, Rusiyanın əsas neft
şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra qəbul
edilib. Ləğv edilən göndərişlər İraqdakı “Qərbi Kurna-2” yatağından
həyata keçirilməli idi. “Lukoyl” bu yataqda 75 faiz paya
sahibdir.
Neftin tədarükü 11, 18 və 26 noyabr tarixlərində həyata
keçirilməsi planlaşdırılmışdı.
Ötən ay “Lukoyl” şirkəti beynəlxalq xammal ticarəti ilə məşğul
olan “Gunvor” şirkətinin onun xarici aktivlərini almaq təklifini
qəbul etdiyini bildirmişdi. “Gunvor”un baş direktoru Torborn
Tornkvist “Financial Times”a açıqlamasında “Lukoyl”un dünya üzrə
ciddi çətinliklərlə üzləşdiyini qeyd edib.
“‘Lukoyl’un beynəlxalq fəaliyyəti demək olar ki, iflic
vəziyyətinə düşüb. Heç bir şirkət onlarla əməkdaşlıq edə bilmir.
Minlərlə iş yeri risk altındadır və emal imkanları ciddi şəkildə
zərər görə bilər”, – Tornkvist əlavə edib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabrda “Rosneft” və
“Lukoyl” şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq etdiyini elan
etmişdi.

