Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Meksikanın Keretaro şəhərində Ümumdünya İrs Şəhərləri Festivalı
keçirilib. Festival Keretaronun tarixi hissəsinin UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsinin və Meksikanın Ümumdünya
İrs Şəhərləri Milli Assosiasiyasının yaradılmasının 30 illiyinə
həsr olunub.

Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, festival
çərçivəsində “Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət
diplomatiyası” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə
çıxış edən Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi
Lalə Səfərova ölkəmizin zəngin, çoxəsrlik şəhərsalma və memarlıq
irsi barədə məlumat verib. O, paytaxt Bakının tarixi və mədəni
xüsusiyyətlərini qoruyaraq müxtəlif dövrlərin memarlıq
tendensiyalarına uyğun inkişaf etdiyini diqqətə çatdırıb.

L.Səfərova dünya memarlığının mühüm nümunələrindən biri olan
İçərişəhərin gün ərzində çoxsaylı ziyarətçi qəbul etdiyini
vurğulayaraq, tarixi irsin qorunması ilə şəhərin gündəlik həyatı,
turizm və müasir şəhər ehtiyacları arasında balansın vacibliyini
diqqətə çatdırıb.

Tədbirdə İçərişəhərin mühafizəsinə Azərbaycan hökumətinin
verdiyi önəm, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
yaradılması və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq
İli” elan edilməsi barədə məlumat verilib. Həmçinin İçərişəhər, Qız
Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edildiyi xatırladılıb.




Azərbaycanın şəhərsalma və davamlı şəhər inkişafı gündəliyinə
verdiyi önəmin göstəricisi kimi bu ilin mayında Bakıda BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13)
keçirildiyi də diqqətə çatdırılıb.

Dəyirmi masada Meksikanın Ümumdünya İrs Şəhərləri Milli
Assosiasiyasının baş direktoru Xorxe Orteqa Qonsalez, Keretaro
bələdiyyəsinin turizm katibi Mariana Ortiz Kabrera, həmçinin
Ukrayna, İspaniya və Portuqaliya səfirliklərinin nümayəndələri də
çıxış ediblər.

Festival çərçivəsində Ümumdünya İrs Şəhərlərinə həsr edilmiş
sərgidə isə Bakı və İçərişəhərin fotosu nümayiş etdirilib.