“İki sahil” qəzeti 35 yaşını qeyd edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın media orqanları arasında özünəməxsus yeri olan “İki
sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür.
Yarandığı gündən şərəfli bir yol keçən bu mətbu nəşr öz əqidəsinə
və prinsiplərinə hər zaman sadiqdir. “İki sahil” Azərbaycan üçün ən
çətin dövrlərdə həyata vəsiqə alıb, öz ideyalarına sadiq qalaraq
sınaqlardan şərəflə çıxıb. Qarşıya qoyulan ali məqsəd kollektiv
üçün hər zaman güclü stimul olub. 1991-ci ilin iyulunda, hələ
Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın
hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet böyük amalı
sayəsində bütün maneələri dəf edə bildi.

“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev
ideyalarının təbliğatçısıdır. Xalqın böyük əksəriyyətinin istəyinin
ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə
“Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil”
qəzetində dərc edilib. Bu mətbu nəşr, Ulu Öndərin yaradıcısı olduğu
Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanma
mərhələlərini və keçdiyi inkişaf yolunu bu gün də geniş şəkildə
işıqlandırır. Zamanın təzyiqlərinə və çətinliklərinə baxmayaraq,
qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyən qəzet, cəmiyyətin
güzgüsü missiyasını layiqincə yerinə yetirir. Hazırda dövlətimizin
azad sözə və fikir plüralizminə verdiyi yüksək dəyər bu mətbu
orqanın fəaliyyətində aydın şəkildə təzahür edir.




SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən “İki sahil”
Azərbaycan dövlətinin həyata keçirdiyi müdrik daxili və xarici
siyasəti, eləcə də iqtisadi uğurları cəmiyyətə dolğun çatdırmağı
özünün əsas vəzifəsi hesab edir. Ümummilli Lider Heydər Əliyevin
iqtisadiyyatda neft amilinə verdiyi xüsusi önəm Azərbaycanın
bugünkü tərəqqisinin bünövrəsini qoyub. Bu xəttə sadiq qalan qəzet
ölkənin neft strategiyasının uğurla reallaşdırılmasında mühüm rolu
olan SOCAR və onun strukturlarının fəaliyyətini daim diqqət
mərkəzində saxlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən daxili və xarici siyasət, müasir dövlət quruculuğu
prosesləri, mədəniyyət, incəsənət və təhsil sahəsindəki yeniliklər
“İki sahil” qəzetində geniş əks olunur. Son altı ildə isə qalib və
bütövləşən Azərbaycanın sayılıb-seçilən mətbu orqanlarından biri
olaraq “İki sahil” öz səhifələrində azad Qarabağ və azad Şərqi
Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş
yer ayırır. Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın
doğma yurdlarına qayıdışını əks etdirən materiallar bu gün qəzetin
oxuculara təqdim etdiyi yazılar arasında mühüm yer tutur. Rəqəmsal
medianın inkişafı ilə ayaqlaşan “İki sahil” müasir informasiya
platformalarında da fəaliyyətini uğurla davam etdirir. Müasir
medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər,
“ikisahil.az” internet portalı və “İki sahil TV” internet
televiziyası da fəaliyyət göstərir. Zamanın nəbzinə uyğun olaraq
mütəmadi yenilənən rəqəmsal platformalarda günün ən aktual
hadisələrinin təhlili, ölkədə və dünyada baş verən proseslər
oxuculara və izləyicilərə operativ şəkildə çatdırılır. Ötən 35 il
ərzində zəngin təcrübə toplayan “İki sahil” qəzeti gələcək
fəaliyyəti və yeni-yeni uğurları üçün möhkəm təməl yaradıb.