
Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupunun
DT altqrupu üzrə 3 min 110 nəfər, TC altqrupu üzrə isə 415 nəfər
500-600 arasında bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan nəticələrinə
əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və
imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805,
ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən
az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə
edib. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən
və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min
949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı
50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində
iştirak hüququ qazanıb.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III
ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi
üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 min 350 yer
olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulur. Həmin yerlərdən
4 min 140-ı dövlət sifarişi əsasındadır.
III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə
paylanmasına gəldikdə, DT altqrupu üzrə ümumilikdə 13 min 373 (o
cümlədən Azərbaycan bölməsində 10 min 423, rus bölməsində 1135, hər
iki bölmənin birgə müsabiqəsi üzrə 1815) yer ayrılıb. DT altqrupu
üzrə dövlət sifarişi əsasında 3 min 920 plan yeri var.
TC altqrupu üzrə isə ümumilikdə 2 min 180 (o cümlədən Azərbaycan
bölməsində 1425, rus bölməsində 220, hər iki bölmənin birgə
müsabiqəsi üzrə 535) yer ayrılıb. TC altqrupu üzrə dövlət sifarişi
əsasında 220 plan yeri mövcuddur.

