Bakı. Trend:
Böyük Britaniyada xarici vətəndaşlar tərəfindən sosial yardım
üçün edilən müraciətlərin sayı 1 milyon 900 minə çatmaq
üzrədir.
Trend Böyük
Britaniyanın Milli Statistika İdarəsinin məlumatına istinadən xəbər
verir ki, 2025-ci ilin aprel–iyun ayları ərzində xarici vətəndaşlar
ümumilikdə 1 milyon 897 min sosial yardım müraciəti təqdim ediblər.
Onların 54 faizi Avropa İttifaqı ölkələrinin, 46 faizi isə Aİ-dən
kənar ölkələrin vətəndaşları olub.
Bundan əlavə, əvvəllər xarici vətəndaş olan, lakin sonradan
Britaniya vətəndaşlığı almış şəxslər tərəfindən 1 milyon 479 min
müraciət qeydə alınıb. Beləliklə, ümumilikdə Böyük Britaniyada
doğulmamış şəxslərin sosial yardım müraciətlərinin sayı 3,4 milyona
çatıb.
Milli Statistika İdarəsi tərəfindən əmək qüvvələri sorğusunun
nəticələri əsasında hazırlanan hesabat ilk dəfə olaraq yalnız
universal kredit deyil, həmçinin mənzil yardımı, əlillik
ödənişləri, uşaq müavinəti, pensiya kreditləri və baxıcı
müavinətləri kimi bütün sosial yardım növlərini əhatə edir.
Məlumata görə, xarici vətəndaşlar daimi yaşayış icazəsi (ILR) və
ya qaçqın statusu əldə etdikdən sonra britaniyalılarla eyni
şərtlərlə sosial müavinətlərdən yararlana bilirlər.
Mühafizəkarlar və “Reform UK” Partiyasının nümayəndələri bu
tendensiyanı dayanıqsız və ədalətsiz ödənişlər kimi
qiymətləndirərək hökumətdən sərt məhdudiyyətlər tətbiq etməyi tələb
ediblər.

