Böyük Britaniya hərbi bazaları qorumaq üçün lazer silahından istifadə edəcək

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Müdafiə Nazirliyi hərbi bazaları və vacib
infrastrukturu dron hücumlarından qorumaq məqsədilə DragonFire
istiqamətləndirilmiş enerjili lazer silahından istifadə etməyi
planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyi lazer silahlarının hava
hücumundan müdafiə sistemlərinə necə inteqrasiya olunacağını təhlil
edir.




Nəşr bildirir ki, Kral Dəniz Qüvvələrinin 45-ci tipli
esminetsləri 2027-ci ildən etibarən DragonFire sistemləri ilə
təchiz ediləcək. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayında Avropa
müdafiə şirkəti MBDA-nın Britaniya bölməsi Böyük Britaniya
hökumətindən ölkə donanmasının lazer sistemləri ilə təchiz olunması
üçün 316 milyon funt sterlinq (425 milyon dollar) dəyərində
müqavilə alıb.

Vurğulanır ki, lazer sisteminin hər atışı cəmi 10 funt sterlinqə
başa gəlir və bir kilometr məsafədən bir funtluq sikkəni vuracaq
qədər yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyi bu texnologiyanı
ənənəvi raket sistemləri ilə müqayisədə daha səmərəli hesab edir.
Belə ki, hər bir Sea Viper raketinin buraxılışının təxminən 1
milyon funt sterlinqə başa gəldiyi bildirilir.