Bakıda Azərbaycan-Belarus hökümətlərarası komissiyanın 15-ci iclası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

28 oktyabr 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası
və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan
tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir
Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın
həmsədri Natalya Petkeviç rəhbərlik edəcək.

Bildirilib ki, iclasda iki ölkə arasında 2024-2025-ci illəri
əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə
olunacaq. Eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma,
şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika,
ticarət və investisiya sahələrində birgə layihələrin icrası
imkanları nəzərdən keçiriləcək.

Qeyd edilib ki, 29 oktyabr 2025-ci il tarixində Komissiyanın
həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam
rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra
layihələrə baxış keçiriləcək.